UEFA Avropa Liqasının finalının Bakıda keçirilməsi ilə bağlı müzakirələr davam edir. Matc.az saytının məlumatına görə, Böyük Britaniya Xarici İşlər Nazirliyinin ölkəmizə səfər edəcək ingilis azarkeşlərə təhlükəsizliklə bağlı xəbərdarlığı final ətrafında ajiotajın böyüməsinə səbəb olub.

Məlum bəyanatla bağlı idman ictimaiyyətinin bir çox nümayəndələri, futbol adamları açıqlamalar veriblər.

Belə şəxslərdən biri də məşhur rusiyalı məşqçi, Rusiya millisinin keçmiş çalışdırıcısı, Moskva MOİK-i ilə AL kubokunu qazanmış, UEFA-nın versiyasına görə bir dəfə ilin məşqçisi adını qazanmış Valeri Qazzayevdir.

Osetin əsilli mütəxəssis yerli mətbuata açıqlamasında Britaniya KİV-nin bu cür xəbərdarlıqlarının futbola zərərli olduğunu qeyd edib: "ötən il Rusiyada keçirilən dünya çempionatından əvvəl də bu cür açıqlamalar verilmişdi. Nəticədə bir çox ingilis azarkeş Bakıya gəlmək qərarından imtina etdi. Hətta İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqyet də bundan şikayətlənərək mətbuatın onları yalqız qoyduğunu bildirmişdi. Biz indi eyni prosesi Bakı finalı ətrafında da müşahidə edirik. Bu, kimə sərf etməyəcək? Əlbəttə ki, iştirakçı komandalara və onların azarkeşlərinə. Əgər ingilis fanatlar bu çağırışlara qulaq versə, onlar həm möhtəşəm futbol bayramından kənarda qalacaqlar, həm də "Arsenal" və "çelsi" onlara çox vacib olan azarkeş dəstəyindən məhrum olacaqlar".

Qazzayev öz növbəsində hər şeyin problemsiz olacağına inandığını bildirib: "Mən əminəm ki, belə hal baş verməyəcək. Bakıda dəfələrlə olmuşam, hər dəfə də bu günəşli şəhəri və qonaqpərvər Azərbaycanı görməkdən çox məmnun qalmışam. çox yaxın keçmişdə – noyabr ayında biz Bakıda İspaniyanın "Betis" klubunun veteranları ilə Sovet futbol veteranları arasında Vəli Qasımovun 50 illik yubileyi şərəfinə təşkil edilmiş yoldaşlıq matçında iştirak etdik. Biz – həmin tədbirin bütün iştirakçıları həm yüksəksəviyyəli təşkilatçılığa, həm Bakının gözəlliyinə, həm də insanların qonaqpərvərliyinə heyran qaldıq. Ona görə də mən bütün səmimiyyətimlə ingilis azarkeşləri final oyunu üçün rahatlıqla Bakıya səfər etməyə, möhtəşəm finaldan zövq almağa səsləyirəm. Şəxsən, mən özüm finalı stadionda izləyəcəm!"

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest