"Düşünürəm ki bizi buralara komandadakı abu-hava, səmimiyyət, birlik və bərabərlik gətirdi. Bütün azarkeşləri təbrik edirəm. Bugünkü oyun da gərgin mübarizə şəraitində keçdi". Matc.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl deyib.

Topaz Premyer Liqasının XXVIII turunun "Neftçi" ilə oyunundan sonra jurnalistlərə açıqlama verən Gözəl mövsümü dəyərləndirib.

- Ardıcıl 6-cı dəfə çempionluqdan sonra qalibiyyət sizin üçün adiləşib?

- Xeyr, belə şeyə alışmaq, öyrəşmək olmur. Hər dəfə yeni kimi olur. ölkəmizin tarixində heç bir klub 6 dəfə ardıcıl çempion olmayıb. Ona görə də çox sevincliyik.

- Bu mövsüm əvvəlkilərdən nə ilə fərqlənir?

- "Neftçi" çox yaxşı çıxış etdi. Xeyli geridə qalmışdıq, ona görə də bizim üçün ən həyəcanlı mövsüm bu idi.

- Mövsümün gedişində 5 xal geri düşəndə çempionluqla bağlı bir inamsızlıq var idimi?

- Xeyr, inamsızlıq yox idi, amma bir narahatlıq var idi, bunu demək lazımdı. Həmin dövrdə komandadaxili iclas keçirdik, hamı bu sualı verirdi ki, mən bu komanda üçün nə edə bilərəm? Hərə öz üzərinə düşəni etdi və çempion olduq.

- Qarşıdakı mövsüm üçün büdcədə dəyişiklik olacaqmı?

- Xeyr, hansısa dəyişiklik gözlənilmir. çünki qarşımızdakı klublar o qədər nəhəng klublardı ki, bizim onlara çatmaq üçün heç bir imkanımız yoxdu. Ona görə də nə etməliyik? Əhval-ruhiyyəmizi və xalqımızın dəstəyini arxamıza alıb keçmiş dönəmlərdəki o gözəl, uğurlu çıxışları təkrarlamalıyıq. Bizim hədəfimiz Avropada çempion olmaq yox, Qarabağın adını layiqincə tanıtmaqdı.

- Qarşıdakı mövsüm çL qrupuna düşmək haqqında düşünürsüz?

- Düzdü, qaydalar dəyişib və daha çətin olub. Amma əlimizdən gələn qədər çalışacağıq. Mən özümdən də, klubumdan da bunu tələb edirəm. Niyə də olmasın?

- "Qarabağ" azərbaycanlılar üçün bir klubdan üstündür. Dövlət tərəfindən sizə hansısa bir dəstək olurmu?

- Xeyr, klubların hər birinin ayrıca sponsoru var və düşünürəm ki, ciddi dəstəyə ehtiyacımız yoxdu. Təlim-məşq toplanışı planlaşdırılıb, öz ayağımız üzərində durmağı bacarırıq.

- Rəqib komandanın bilet qiymətlərini artırması ilə bağlı nə deyə bilərsiniz?

- Bu artımı başa düşə bilmədim. Mən "Neftçi"nin məsləhətçisi olsam, deyərdim ki, 50 manata az adam gələcək, amma 20 manat olsa, ümumi gəlir bundan qat-qat çox olacaq. Mən istərdim ki, bu gün stadion dolu olsun, amma olmadı. Canınız sağ olsun. Rəqibin də öz hüququ var, biz də hörmətlə yanaşırıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest