çempionlar Liqasının yarımfinal mərhələsində sürpriz şəkildə "Liverpul"a məğlub olaraq mübarizəni dayandıran "Barselona"da bəzi dəyişikliklər gözlənilir. Matc.az saytının "Mundodeportivo"ya istinadən məlumatına görə, kataloniyalılarda baş məşqçi Ernesto Valverdenin postu laxlayıb.

Təcrübəli mütəxəssisin müqavilə müddəti gələn ilin yayına qədər olsa da, rəhbərlik mövsümün sonunda onunla yollarını ayıra bilər. Onunla bağlı qərar ayın sonunda veriləcək.

Transfer çalışmalarını da sürətləndirən "Barselona" Frenki de Yonqdan sonra "Ayaks"ın digər futbolçusu Matteys de Liqtin keçidini qısa müddətdə həll etməyə çalışır. De Yonq Serxio Busketsə, de Liqt isə Jerar Pikeyə layiqli əvəzləyici hesab olunur. Bir neçə Avropa nəhənginin maraq dairəsində olan "Ayaks"ın kapitanı özü də karyerasını "Barselona"da, dostu de Yonqla birlikdə davam etdirmək niyyətindədi.

Müdafiə və yarımmüdafiə xəttindəki problemi "Ayaks"lılarla həll etməyi düşünən ispanların hücum üçün ilk variantları "Atletiko"nun forvardı Antuan Qrizmanndı. ötən yayda Madrid klubunda qalmağı üstün tutan 28 yaşlı fransalı artıq Barselonaya köçmək istəyir və bunu rəhbərliyə çatdırıb. Düzdü, "Ayntraxt"ın qolçusu Luka Yoviç də transfer gündəmindədi. Lakin həm klubunun, həm də futbolçunun özünün böyük məbləğ tələb etməsi Qrizmannı ön plana çəkib. Fransa millisinin üzvünün hazırkı transfer dəyəri 120 milyon avrodu.

İspaniya çempionunu tərk etmək ehtimalı ən yüksək olanlar isə İvan Rakitiç və Filipp Koutinyodu. Rakitiçin xidmətində ən çox maraqlı olan klub "İnter"di. Xorvatiyalı qalmaq istəsə də, rəhbərlik ona yeni müqavilə təklif etməyi düşünmür.

Böyük ümidlərlə transfer edilən Koutinyo isə hələ ki, özünü yaxşı tərəfdən göstərə bilmir. Valverdenin oyun planına uyğun gəlməyən braziliyalının taleyi baş məşqçi ilə bağlı qərardan asılı olacaq. Kataloniyalılar baş məşqçi dəyişikliyinə getsə, "sambaçı" saxlanıla bilər. Əks təqdirdə, onun "Mançester Yunayted"ə transferi istisna edilmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest