Mövsümün əvvəlində hamının diqqəti bir komandada idi - "Neftçi"də. Sponsor tərəfindən hərtərəfli maliyyə ilə təmin olunan rəhbərlik pula-pul demir, transferlərdə bədxərclik edirdi.

Moldovadan Roberto Bordini gətirib, italiyalının xəbəri olmadan istədikləri oyunçularla anlaşdılar, kim nə tələb etdisə, "OK" dedilər. Slavko Braliç, Qoran Paratski, Kvame Karikari, Rəşad Eyubov və başqaları ilə səviyyələrinə uyğun olmayan müqavilələr imzaladılar. Yayda gələnlər qış fasiləsində yola salındı... Yanvarda aldıqlarından da xeyirdən çox ziyan gördülər. Olan klubun büdcəsinə və azarkeşlərin hisslərinə oldu...

"Ağ-qara" fanatlar uzun fasilədən sonra ilk dəfə çempionluğa bu qədər inanmışdılar. Uzun müddət Premyer Liqaya başçılıq etdilər, artıq "qızıl dubl"a göz dikməyə başladılar.

Uğursuz transferlərə baxmayaraq, komandada nəticə baxımından hər şey əla idi. Axı "Qarabağ" istisna olmaqla, düz-əməlli rəqib də yox idi. Amma sistemsiz, kor-koranə  işləməyin, transferlərdə klubdan çox şəxsi mənafeyi güdməyin acı nəticəsi gec-tez üzə çıxmalı idi.

Artıq mövsüm başa çatmaq üzrədi. Kubokdan qışdan əlini üzən, çempionatda isə möcüzə gözləyən bir kollektiv görürük. Mövsümdən əvvvəl azarkeşlərə və sponsorlara çempionluq və yeni baza vədi verən Kamran Quliyev çempion ola bilməsələr, görəsən, buna nə don geyindirəcək? Yəqin deyəcək ki, "Qarabağ"la birdən-birə mübarizə aparmaq asan deyil. Amma prezident dərk etməlidi ki, rəhbərlik etdiyi komanda hansısa ortabab və ya dünən yaranmış klub deyil, "flaqman" "Neftçi"di. O "Neftçi" ki, indi kimlərinsə əlində oyuncağa, asan gəlir mənbəyinə çevrilib. üfüqdə nə çempionluq görünür, nə də bazanın B hərfi hazırdı.

Mövsümün həlledici mərhələsində əsas qol "silahı" Baqali Dabonu gecə klublarından yığışdıra bilməyən komandanın daxilində qruplaşmalar baş alıb gedir. Belə bir məqamda isə klub rəsmisinin başı Region Liqasında danışılmış oyunlara görə cəzalandırılan "FC Baku"ya qarışıb, prezidenti yay transferləri üçün kimlə gəldi görüşür. Baş məşqçi transferlərdə ciddi söz sahibi olmadığından, onun da öz bəhanəsi tapılacaq. Hamı qazandığı pulu saymaqla məşğuldu, çempion oldular-olmadılar, nə veclərinə. Olan mövsümboyu ümidlə yaşayan, halal qazancını komanda yolunda xərcləyən azarkeşlərə olur.

"Neftçi" rəhbərliyi mövsümün sonunda mümkün uğursuzluğun bəhanəsini indidən tapıb. Sən demə günahkar "Sumqayıt"ın prezidenti Riad Rəfiyev imiş. Axı "ağ-qaralar"ı kubokdan kənarlaşdıran da, çempionatda liderlikdən məhrum edən də "gənclik şəhəri" təmsilçisi oldu. Guya Rəfiyevin "Neftçi"də meneceri olduğu futbolçular "Sumqayıt"la son matçda qəsdən zəif oynayıblar. Halbuki, bəlkə də, komandanən ən yaxşıları idilər. Axı bir oyunçu mövsümboyu çəkdiyi əziyyəti niyə yerə vursun, təmiz adını niyə ləkələsin? Hansı özünə hörmət edən futbolçu çempionluqdan imtina edər? Bu gülməli iddia da azarkeşlərin başını qatmaq üçün məhz "Neftçi" cəbhəsindən ortaya atılıb.

Əslində səbəb çox sadədi. 32 yaşlı Rəfiyev qısa müddətdə "Sumqayıt"da gördüyü uğurlu işlə artıq "Neftçi"də prezidentliyə namizəd olub. Kamran Quliyev isə postunun laxladığını çox gözəl başa düşür. Bu üzdən potensial xələfinin gəlişinə mane olmaq üçün indidən nəsə etməlidi. Futbolumuzun "flaqman"ının tarixində maddi baxımdan ən ağır dövrlərdə Riad bəyin atası, rəhmətlik Rasim Rəfiyev Kamran Quliyevdən fərqli, öz pulları ilə "Neftçi"ni yaşadıb, tariximizin ən köklü klubunu dağılmağa qoymayıb. Azarkeşlərin Rəfiyevlərə rəğbətini görən və Riad bəyin ayaq səslərini eşidən Quliyev gənc və uğurlu kadrı gözdən salmaq üçün bundan yaxşı nəsə fikirləşə bilməyib. Amma vaxtilə bir günün içində prezidenti olduğu klubu çətin vəziyyətdə qoyaraq başqasına dəyişən və "Neftçi"nin o vaxtkı prezidenti Orxan Hüseynzadəyə xoşagəlməz sürpriz yaşadan Quliyev bilməli idi ki, həyat bumeranqdı. Yaxşılıq da, pislik də, xəyanət də gec-tez adamın öz başında çatlayır. Artıq Kamran Quliyev özü də dərk edir ki, qatar gedib, "Qəbələ" ilə oyunda qələbə qazanılmasa "Neftçi"dən yola salınacaq. Amma "Qəbələ" üzərində qələbə də onu xilas etməyə bilər. Bunun üçün "Qarabağ"ın "Səbail"lə oyunda xal itirməsi, son turda isə "Neftçi"yə məğlub olması lazımdı. Bu isə yalnız nəzəri cəhətdən mümkün görünür. Hətta çempionluğun taleyi son tura qalsa belə, çətin ki, "Qarabağ" bu şansı əldən verə. çünki "Qarabağ"a rəhbərlik edənlər "Neftçi"dəki kimi yalnız şəxsi məqsədlərini düşünən, işindən naşı qeyri-peşəkarlar deyil.

"Neftçi"nin bazasında həzin Vağzalı sədaları eşidilməkdədi. Hazır vəziyyətə gətirilən çemodanlar vağzala gedəcək ya yox, bilmirik. Bildiyimiz bir şey var ki, "Neftçi"dən gedənlər adətən futbola qayıda bilmir...

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest