"Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev karyerasını vətəni Bolqarıstanda davam etdirə bilər. Matc.az saytı xəbər verir ki, bu barədə məlumatı yerli mətbuat yayıb.

Bildirilir ki, 26 yaşlı orta sahə oyunçusu 5 illik fasilədən sonra karyerasına başladığı Bolqarıstana qayıtmağa hazırlaşır. ölkə xaricində çıxış edən legionerlərə daim maraq göstərməsi ilə diqqət çəkən Sofiya MOİK-i "Qarabağ"ın yarımmüdafiəçisinin xidmətində maraqlıdı. Yaxın keçmişdə Nikolay Bodurov və Stanislav Manolevi vətənə qaytaran "hərbçilər" Slavçevlə bu ənənəni davam etdirmək niyyətindədilər.

Ancaq bolqarlar bunun üçün futbolçunun "Qarabağ"la vidalaşmasını gözləməlidilər. Məsələ burasındadı ki, Bolqarıstan millisinin üzvünün Azərbaycan çempionu ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi. Slavçev klubu ilə qarşılıqlı razılıqla müqaviləyə xitam versə, o zaman MOİK-ə keçidi asanlaşacaq. ötən yayda "Sportinq"dən "Qarabağ"a keçən Slavçevin də müntəzəm əsas heyətə düşə bilmədiyi və tərəflərin ayrılıq qərarına müsbət yanaşdığı vurğulanıb.

MOİK onunla yanaşı, "Yenisey"lə müqavilə müddəti yayda bitəcək müdafiəçi Petr Zanevi də heyətinə qatmaqda maraqlıdı.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest