"Bu il Sumqayıtın 70 illik yubileyidi. Finala çıxmaq şəhər üçün hədiyyədi". Matc.az saytının məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun yarımfinalında "Zirə" ilə səfərdə 3:3 hesablı heç-heçə etdikləri cavab oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, həyat sürprizlərlə doludu: "Mövsümə "Zirə"də başlayanda kimsə desəydi ki, finala çıxacaqsan, özü də "Sumqayıt"la - heç vaxt inanmazdım. Bu gün 3 qol vuran Peyman Babayi zədəli idi. Həkimlər güclə yetişdirdilər. Sevindirici haldı ki, qollar vurdu. Bura gələndə mən də düşünmüşdüm ki, legionersiz komandada necə işləmək olar? Ancaq gördüm ki, komanda ruhu tam başqadı. Gənc futbolçularla finala çıxmaq ölkə futbolu üçün bir siqnaldı".

Abbasov "Qəbələ" ilə mayın 19-da Naxçıvanda keçirəcəkləri final matçını lotereya kimi dəyərləndirib: "çempionatda da iki finalımız var. Premyer Liqada sonuncu olmaq istəmirik. Mövsüm başa çatandan sonra rəhbərliklə fikir mübadiləsi aparacağıq. İndi avrokubok barədə danışmaq istəmirəm. Bura mənim üçün doğmadı. Baş məşqçi kimi ilk addımımı "Zirə"də atmışam. "Sumqayıt"la da avrokubokda oynamaq istəyirəm".

Qeyd edək ki, ilk matçda qolsuz heç-heçə qeydə alındığı üçün "Sumqayıt" cavab görüşündəki səfər qolları sayəsində finala çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest