Mövsümün ilk dövrəsini məğlubiyyətsiz keçirən "Neftçi"nin "qazı" Qəbələdə "alındı". Bəlkə də, çempionatın VIII turu Roberto Bordin və komandası üçün ilk ciddi sınaq idi.

"Sabah"ı, "Sumqayıt"ı, "Səbail"i, "Keşlə"ni, "Zirə"ni udmaqla "çempion olacağıq" xəyallarına qapılmamalısan. Düzdü, bakılılar II turda "Qəbələ"ni öz meydanlarında məğlub etmişdilər. O "Qəbələ" ki, yayda heyəti zəifləmiş, mövsümün əvvəlində tam komplektləşməmişdi. Roberto Bordinin kollektivi xal itirdiyi yeganə matçda isə "Qarabağ"ın ikinci heyətindən 1 xal ala bilmişdi.

Həm yuxarıda sadalanan səbəbləri, həm də mövsümə uğursuz başlanğıc edən "Qəbələ"nin meydana son şans kimi çıxmasını nəzərə alıb, bu oyunu "Neftçi"nin ilk ciddi sınağı saymaq olardı. Paytaxt klubu birinci sınağındaca ilk dövrədə buraxdığı sayda top qapısında gördü. "Neftçi" Roberto Bordinin rəhbərliyi altında çempionatda ilk dəfə hesabda geri düşdüyündən, italiyalının bu baxımdan nəyə qadir olacağı da görünəcəkdi. İkinci hissədə hesab 2:0 olarkən hakimin "Qəbələ"nin penaltisini "oğurlaması", 67-ci dəqiqədə ev sahiblərini meydanda 10 nəfərlə qoyması da Bordinə və oyunçularına kömək olmadı. "Qəbələ" hətta azlıqda da çempionluqdan dəm vuran "Neftçi" rəhbərliyinin başını bulamasına nail oldu. 90+4-cü dəqiqədə gələn qol isə yalnız darmadağının qarşısını aldı.

Həmin topun müəllifi olan Kvame Karikari qollarının sayını 2-yə çatdırdı. Bəli, doğru oxudunuz, böyük məvacib qarşılığında gətirilən mərkəz hücumçusu 8 turda 2 qol vurub. Qanalı 6 oyunda 349 dəqiqə meydanda olub, 4 dəfə start heyətində yer alıb. Hər kəsin ondan zəif olmadığını bar-bar bağırdığı yerli Mirabdulla Abbasov isə 8 matçda (403 dəqiqə) 2 qola imza atıb. Mirabdulla da 4 dəfə ilk dəqiqələrdən meydanda olub. İlk baxışdan Karikarini üstün görmək olar. Amma orta hesabla götürsək, Karikarinin hər oyunda 58, Abbasovun isə 50 dəqiqə oynadığını görərik. üstəlik, vurulan qolların çoxunda Mirabdulla yaxından iştirak edib.

Gördüyünüz kimi, "Neftçi" rəhbərliyinin SOCAR-ın pullarını dağıtdığı legionerin yerli futbolçudan heç bir fərqi yoxdu. Elədisə, 23 yaşlı gənc hücumçun ola-ola ondan 3 yaş böyük və səviyyəcə üstün olmayan birinə nə ehtiyac var?

Buna görə Bordini qınamırıq. Axı klub prezidenti Kamran Quliyev həmin Karikarini elə bəh-bəhlə gətirib ki, italiyalı məşqçi onu kənarda saxlayıb, hansısa azərbaycanlı futbolçuya üstünlük verə bilməz. Əks təqdirdə çox gözəl bilir ki, Quliyevin qəzəbinə tuş gələcək və "Neftçi"li ömrü qısa çəkəcək. Bordinin hələ təqdim olunarkən "transfer işinə qarışmıram, buna rəhbərlik baxır" deməsi dolayı yolla "heyəti mən yox, rəhbərlik qurur" bildirməkdi.

Görünür, vaxtında Tərlan Əhmədov bu cümlələri sərf etməyə razılıq vermədiyi üçün "qələmi qırıldı". Bordin də qələmini sağlam saxlamaq üçün lazım gəlsə qatığa "qara" da deməlidi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest