çempionlar Liqasının yarımfinal mərhələsinə dünən keçirilən "Tottenhem" - "Ayaks" oyunu ilə start verilib. Matc.az saytının məlumatına görə, səfərdən 1:0 hesablı qələbə ilə dönən "Ayaks" finalın bir addımlığındadı.

Qarşılaşmadan sonra hər iki komandanın baş məşqçiləri və futbolçuları fikirlərini bildirib...

Mauritsio Poçettino ("Tottenhem"in baş məşqçisi): "Görüşə heç də yaxşı başlamadıq. "Ayaks" daha enerjili idi və onlara müqavimət göstərməkdə çətinlik çəkirdik. Enerjimiz çatmadı. Qol buraxdıqdan sonra, 25-30-cu dəqiqədən etibarən mübarizəyə qoşulduq. Mussa Sissoko oyunumuza hərəkətlilik gətirdi. Oyunun qiymətləndirməsini aparsaq, ilk sistemdə (5-li müdafiədə) səhvə yol verdiyimi qəbul edirəm. Ancaq elə çox variantımız da yox idi. Sadəcə, düşündüyümüz kimi oynamadıq, futbolçular meydanda hərəkətsiz qaldı. Qol isə sistemə görə buraxılmadı. Oyunçular arasında əlaqə istənilən səviyyədə deyildi. İkinci yarıda üstünlüyü ələ aldıq və şanslar yaratmağa çalışdıq. Bərabər səviyyəli oyun oldu. Hələ mübarizə davam edir, hesab cəmi 0:1-di. Amsterdamda qələbə qazanacağımıza inanmalıyıq".

Kristian Eriksen ("Tottenhem"in yarımmüdafiəçisi): "Səviyyəmizdən aşağı çıxış etdik. İlk 20 dəqiqədə meydanda tamaşaçı idik. Növbəti oyunda çox şeyi dəyişməliyik. Rəqibin bizdən daha yaxşı görünməsinə imkan verdik. Onların yaxşı oyunçuları var. Ancaq oyunboyu "Ayaks"a kömək etdik. Bu, bizim səhvimizdi. İkinci hissədə daha yaxşı idik. İlk dəqiqələrdə sistem işləmirdi. Dəyişiklik daha aqressiv və düşünülmüş şəkildə oynamağımıza şərait yaratdı. Ancaq istənilən halda səviyyəmizdən uzaq idik. Heç kim belə bir hissə keçirmək istəməzdi. Başa düşürük, döyüşmədik. Zədəliləri bəhanə edə bilmərik. Yarımfinalda kimin meydana çıxmasının önəmi yoxdu. "Ayaks"ın dirəyə dəyən zərbəsi zamanı şanslı idik. ümid edirəm ki, Amsterdamda vəziyyəti dəyişə biləcəyik".

Mussa Sissoko ("Tottenhem"in yarımmüdafiəçisi): "Matça yaxşı başlamadıq. Bəlkə də, qorxudan qapalı oynadıq. Oyunumuzda aqressivlik yox idi. Meydana daxil olduqdan sonra fiziki gücümlə komandama kömək etməyə çalışdım. O ana qədər çatmayan amil məhz bu idi. İkinci hissəni isə daha yaxşı keçirdik".

Erik ten Haq ("Ayaks"ın baş məşqçisi): "İlk hissəni yüksək səviyyədə keçirdik və gözəl qol vurduq. Oyuna tam hakim idik. Ancaq tədricən oyundan düşdük. Bu da rəqiblə bağlıdı. Onlar inanılmaz güclə çıxış etdilər. Rəqibin oyununa ayaq uydurduq və aslanlar kimi mübarizə apardıq. Hesabda geri düşdükdən sonra sistemi dəyişmələrini gözləyirdim. İkinci hissədə topu ayağımızda daha çox saxlamağa çalışdıq. Amma hücuma keçidlərimiz yox idi. Həvəsdən yaranan səhvlər bizə xeyli mane oldu. Əgər topa daha çox sahib olsaydıq, sakitləşə bilərdik. "Tottenhem"in sistem dəyişikliyindən sonra orta sahəsində boşluqlar yarandı. Dərindən nəfəs alıb bundan yararlanmaq lazım idi. İstənilən halda uğurlu oyun oldu. Cavab matçını bundan da yaxşı keçirməliyik".

Matteys de Liqt ("Ayaks"ın müdafiəçisi): "Bu hələ ilk oyundu. Amma yaxşı başlanğıc oldu. Ən əsası odu ki, qol buraxmadan qalib gəldik. Təəssüf ki, David Neresin zərbəsi dirəyə tuş gəldi. Həmin top qolla nəticələnsəydi, əla olardı. ümumilikdə isə razı qalmaq lazımdı. Hollandiyada düşünürlər ki, "Tottenhem" ikinci dərəcəli komandadı və biz problemsiz onları keçəcəyik. Ancaq rəqibin necə sürətli futbol oynadığını gördük. Sərt oyun sayəsində onlara imkan vermədik. İnsanların bizi favorit saymalarına önəm vermirik. Bəlkə də, oyuna gərgin yanaşmaq daha yaxşıdı. "Bavariya", "Real", "Yuventus" kimi komandalara qarşı ən yaxşı oyunumuzu göstərmişik. Həmçinin "Tottenhem" də çox güclü komandadı. Döyüşmək məcburiyyətində qaldıq və bunu etdik".

Donni van de Bek ("Ayaks"ın yarımmüdafiəçisi): "İlk 30 dəqiqəni əla keçirdik, ancaq sonradan dayandıq. Rəqibin dəyişikliyindən sonra problemlərimiz artdı. İkinci hissədə meydanda əsl döyüş getdi. Baxımlı futbol oynaya bilməzdik. Mənim qolum "Yuventus"a vurduğumuz topa oxşadı. Hakim topu ələ keçirəndə artıq bilirdim ki, onu mənə ötürəcək. Qapıçının hərəkətinə fikir verdim və sonra topu uzaq küncə göndərdim. Fasilədən sonra fərqi artıra bilərdik. Yenə də cavab matçına sərfəli nəticə ilə çıxacağıq. Amsterdamda isti qarşılaşma olacaq. İnanıram ki, azarkeşlərimiz finala çıxmağımıza təkan verəcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest