"Futbolçularımı təbrik eidrəm. çox vacib qələbə qazandıq". Matc.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Topaz Premyer Liqasının XXVI turunda "Zirə"nin qonağı olan Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanaraq, liderliyini davam etdirib.

Oyundan sonra "CBC Sport" telekanalının suallarını cavablandıran Qurbanov son turlarda daha diqqətli olmağın vacibliyini vurğulayıb: "Bəlkə asan qələbə kimi görünə bilər. Ancaq futbolçular meydanda çox əziyyət çəkdilər. Ən əsası odu ki, verilən tapşırıqları düzgün yerinə yetirməyə çalışdılar. Mövsüm sona yaxınlaşdıqca oyunlar gərginləşir, psixoloji yorğunluqlar olur. Amma düşünürəm ki, qarşıdakı matçlarda daha diqqətli olacağıq".

"Qarabağ" mayın 1-də Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Qəbələ"ni qəbul edəcək. Ağdamlıların çalışdırıcısı hazırda "Qəbələ"nin finala daha yaxın olduğunu etiraf edib: "Əlbəttə ki, ölkə kubokunun finalına çıxmaq istəyirik. Amma hazırda "Qəbələ" bizdən üstündü. 1:0 hesabı ilə öndədilər. Bizi asan oyun gözləmir. Ancaq çalışacağıq oyuna maksimum güclə hazır olaq. Məqsədimiz qələbə qazanmaq olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest