“Kəpəz”in belaruslu müdafiəçisi Yeqor Xvalkonun matc.az saytına müsahibəsi

- “Kəpəz”lə yeni 1 illik müqaviləyə qol çəkdiniz. Başqa təklifiniz var idi? Nə üçün “Kəpəz”də qalmağı üstün tutdunuz?

- Başqa iki klubdan da təklif almışdım. Amma onlara “yox” dedim. Çünki Azərbaycanda futbol oynamaq, “Kəpəz”in formasını geyinmək ürəyimcədi. Buna görə də daha 1 il hazırkı komandamda qalmağa qərar verdim.

- Aldığınız təkliflər ölkənizdən idi?

- Biri Belarusdan, digəri isə başqa ölkədən idi.

- Ötən mövsümdəki fərdi performansınız sizi tam qane etdi?

- Ümumilikdə çıxışımı normal qiymətləndirirəm. Amma düşünürəm ki, ötən sezonla müqayisədə daha yaxşı oyun göstərə bilərəm.

- Bəzi aparıcı futbolçular “Kəpəz”dən ayrıldılar. Bu, komandanın çıxışına necə təsir göstərəcək?

- Mütləq təsir göstərəcək. Çünki komanda məcburən yenidən qurulacaq. Bu isə asan proses deyil. Yeni heyət komplektləşməlidi.

- “Kəpəz” 2024/25 mövsümündə hansı yerlər uğrunda mübarizə aparacaq?

- Bu barədə danışmaq üçün hələ tezdi. Çünki hələ mövcud heyəti görməmişəm. Bir onu deyə bilərəm ki, yeni mövsümə yaxşı hazırlaşmalıyıq. Komandanın qarşısına hansı hədəfin qoyulacağını isə klub prezidenti və baş məşqçimiz bizə açıqlayacaq.

- Ötən mövsüm çempionatda, xüsusən də avrokuboklara vəsiqə verən yerlər uğrunda güclü rəqabətin şahidi olduq. Sizcə, növbəti sezonda bu hal təkrarlanacaq?

- Bunu demək çətindi. Hər mövsüm yeni tarix deməkdi. Azərbaycanda artıq iki mövsüm keçirmişəm və deyə bilərəm ki, bu mövsümlər bir-birindən fərqli keçib. Buna görə də dəqiq fikir bildirməkdə çətinlik çəkirəm.

- Hazırda bütün futbolsevərlərin diqqəti AVRO-2024-dədi. Avropa çempionatında hansı yığmaya azarkeşlik edirsiniz və çempionun kim olacağını düşünürsünüz?

- Almaniya millisinin oyununu bəyənirəm. AVRO-2024-dəki favoritim də məhz almanlardı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest