"Azərbaycanda ilk vaxtlar uyğunlaşma problemi yaşayırdım. Orda hətta 40 dərəcə istidə də çay təklif edirdilər. Uşaqlara deyirdim ki, dəlisiniz, heç olmasa soyuq pivə verin". Matc.az saytı xəbər verir ki, bunu "Neftçi"nin sabiq futbolçusu İqor Mitreski deyib.

Rusiya mətbuatına müsahibə verən sabiq müdafiəçi karyerası ilə bağlı xatirələrini bölüşüb. O, "Neftçi"də olarkən havanın istiliyindən narahatlıq keçirdiyini vurğulayıb: "Bakıda 40-45 dərəcə istidə qaçmaq normal təcrübədi. Yaxşı ki, şəhər Xəzər dənizinin sahilində yerləşir və hərdən əsən xoş meh istinin qarşısını bir az alırdı. Xatırlayıram ki, bir dəfə Avropa Liqasında "İnter"ə qarşı 35 dərəcə istidə oynamışdıq. Onlar da təəccüblənmişdilər".

Makedoniya millisinin keçmiş üzvü "Neftçi"dən ayrıldıqdan sonra karyerasını bitirməsinə də aydınlıq gətirib: "Neftçi"dən ayrıldıqdan sonra daha 2 il hansısa komandaya xeyir verə bilərdim. Makedoniya və Kipr klublarından təkliflər almışdım. Amma futboldan artıq zövq almırdım. Daim uzaq səyahət etməkdən, ailəmdən ayrı qalmaqdan bezmişdim. "Spartak"a keçdiyim andan evimdən uzaq düşmüşdüm. Karyeramı bitirməyə qərar vermək çətin oldu. çünki hələ də pul qazana bilərdim. Ancaq pul hər şey deyil. İndi mənim üçün ən əsası ailəm və uşaqlarımdı. üç övladım var, onları yaxşı yetişdirməliyəm. İki oğlum "Vardar"ın akademiyasında oynayır. Karyeramı bitirdikdən sonra iki il heç nə ilə məşğul olmadım. İndi isə yenidən futboldayam və çalışmaq istəyirəm".

Qeyd edək ki, İqor Mitreski 2010-2014-cü illərdə "Neftçi"nin formasını geyinib. Hazırda isə 40 yaşlı mütəxəssis menecerliklə məşğul olur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest