UEFA Avropa Liqasının başa çatan 2023/24 mövsümünün statistik göstəriciləri açıqlanıb. Matc.az xəbər verir ki, turnirdə mübarizə aparmış "Qarabağ" bəzi statistik göstəricilərdə TOP-10-a düşməyi bacarıb.

Ağdam təmsilçisi komanda hesabında ən çox qol vuran klublar sırasında ilk “10-luq”da yer alıb. 17 qol vuran Qurban Qurbanovun yetirmələri Çexiyanın "Sparta" klubu ilə birgə 8-ci yerdə qərarlaşıblar. “Qarabağ” bu sıralamada “Milan” və "Vest Hem" kimi “böyük beşlik” komandalarını qabaqlamağı bacarıb. Siyahıda ilk pilləni aktivində 31 qol olan "Bayer" tutub.

Azərbaycan çempionu Avroliqanın son mövsümündə ən çox hücum edən klubların sırasında da TOP-10-da yer alıb. Bu siyahıda da “Qarabağ” 8-ci olub. “Köhlən atlılar” qitənin ikinci mötəbər klub turnirinin 2023/24 sezonunda 335 dəfə hücum ediblər və “böyük beşlik” təmsilçisi "Roma"nı qabaqlayıblar. Bu sıralamada da ilk yer "Bayer"in olub - 521 hücum.

Müdafiə xəttində topu ələ keçirməyə görə açıqlanan siyahıda isə “Qarabağ” 5-ci olub. Ağdamlılar bunu 431 dəfə bacarıblar. Bu göstəricidə Avroliqanın qalibi "Atalanta" hamını qabaqlayıb - 629 dəfə.

Avropa Liqasında “Qarabağ”ın heyətində fərdi mənada seçilən futbolçular da olub. Bunlardan biri Olavio Juninyodu. Braziliyalı hücumçu 5 qolla bombardirlər siyahısında yer alıb və eyni sayda fərqlənən digər futbolçularla birlikdə 5-ci yeri bolüşdürüb. Turnirin bombardiri isə 10 qol vuran "Marsel"in hücumçusu Pyer-Emerik Obameyanq olub. Qapıya ən çox zərbə endirən futbolçuların sıralamasında da Juninyonun adına rast gəlirik. “Sambaçı”nın 10-cu olduğu bu siyahıda 1-ci yer yenə Obameyanqa məxsusdu.

"Qarabağ"ın qapıçısı Andrey Lunyov da Avropa Liqasında adından söz etdirməyi bacarıb. Rusiyalı qolkiper ən çox qurtarış edən oyunçuların sırasında 2-ci olub. O, 44 dəfə komandasını qoldan xilas edib. Lunyov yalnız "Roma"nın çərçivə qoruyucusu Mile Svilardan (54 seyv) geri qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest