“Qarabağ” klub tarixində yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, Ağdam klubu buna Azərbaycan Premyer Liqasının XXXIII turunda nail olub.

Hesabat turu çərçivəsində “Neftçi”ni qəbul edən və 5:0 hesablı qələbə qazanan “köhlən atlılar” bu görüşdə ölkə çempionatının 2023/24 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Bu isə klub tarixində yeni rekord deməkdi. Ağdamlıların bunadək ən yaxşı göstəricisi 2021/22 mövsümündə olmuşdu - 47 qol.

“Qarabağ” bununla eyni zamanda Azərbaycan çempionatlarında son 25 ilin rekordunu müəyyənləşdirib. Yüksək dəstədə mütləq rekord isə Sumqayıtı təmsil etmiş “Xəzər” klubunun adı ilə bağlıdı. 1992-ci ildə sumqayıtlılar doğma meydanda keçirdikləri çempionat matçlarında rəqib qapılarına 70 dəfə yol tapıblar.

Qeyd edək ki, “Qarabağ” - “Neftçi” matçında Nəriman Axundzadə dubl müəllifi olub, digər qolları isə Toral Bayramov, Leandro Andrade və Abdullah Zubir vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest