Sabah Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək. Matc.az saytının məlumatına görə, günün ikinci oyunu Sumqayıtda baş tutacaq.

Sürpriz şəkildə bu mərhələyə qədər irəliləyən "Sumqayıt"la "Zirə" ilk duelinə çıxacaq. Buna qədər "Zirə" 1/4 finalda "Səbail" səddini keçibsə, "Sumqayıt"ın yarımfinala adlaması daha böyük sürprizdi. çünki "kimyaçılar" Premyer Liqada çempionluğa iddia edən "Neftçi"ni yaxşı formada olduğu vaxt mübarizədən kənarlaşdırıb.

çempionatda sona 3 tur qalmış "Zirə" ilə "Sumqayıt" turnir cədvəlində qonşudu və hələ də son pilləyə düşmək təhlükələri var. Xüsusən də, "Sumqayıt" "zirzəmi"dəki "Keşlə"dən cəmi 1 xal öndədi. Yəni Premyer Liqada ən yaxşı halda sonuncu yeri tutmayacaq komandalar kubok matçına ciddi yanaşacaqlar. çünki hər iki tərəf tarixində ilk dəfə final üzü görmək şansı qazanıb.

Paytaxt klubunu bu cütlükdə azacıq da olsa üstün saymaq olar. Həm heyət, həm də son turlardakı mübarizə bu cür düşünməyə əsas verir. Elitada rəqibi ilə müqayisədə sonuncu pilləyə düşmək ehtimalı az olan zirəlilər 3 gün əvvəl "Qəbələ"yə minimal hesabla uduzub. Baş məşqçi Samir Abasov məhz kubok oyununu düşünərək, əsas heyətin bir neçə üzvünü qorumuşdu. Lakin onun həmkarı Ayxan Abbasovun "Səbail"lə ev oyununda belə bir risk etmək haqqı yox idi. Bu mənada sabahkı görüşə "Zirə" daha rahat hazırlaşa bilib.

üstəlik, "gənclik şəhəri" təmsilçisi qarşılaşmaya itkilərlə çıxacaq. Kapitan Vurğun Hüseynov və digər müdafiəçi Arif Daşdəmirov cəza ucbatından meydana çıxa bilməyəcək.

ötən mövsüm "Sumqayıt"ın "sükanı arxası"nda yarımfinalda "ilişən" Samir Abasov bu dəfə arzusuna çatmaq üçün sabiq komandasını yarışdan kənarlaşdırmalıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest