Sabah Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək. Matc.az saytının məlumatına görə, azarkeşlər bu mərhələdə erkən finala şahidlik edəcəklər.

Son illər çempionatda əsas rəqiblər olan "Qəbələ" ilə "Qarabağ" final yolunda ilk oyuna Qəbələdə çıxacaq. Bu mövsüm Topaz Premyer Liqasında fərqli hədəflərə köklənən komandaların kubokda niyyəti eynidi. üstəlik, finalda münasib rəqib olacağından, indidən bu cütlüyün qalibini həlledici görüşün favoriti saymaq olar.

çempionatda sona yaxın liderliyi ələ keçirən "Qarabağ"ı "qızıl dubl"dan ümumilikdə 6 oyun ayırır. O ki qaldı "Qəbələ"yə, "qırmızı-qaralar" ardıcıl iki qələbə sayəsində 3-cü pillədəki "Səbail"lə aradakı xal fərqini 2-yə endirib. Hazırda 4-cü yerdə qərarlaşan Sənan Qurbanovun kollektivinin ən pis halda mövsümü bu mövqedə bitirəcəyi dəqiqdi. Ancaq bu yer Avropa Liqasına vəsiqəyə təminat vermir. Bu səbəbdən ölkə kubokunda uğur qazanmaq "Qəbələ" üçün daha vacibdi.

Bölgə təmsilçisi "Neftçi"ni çempionluqdan, "Qarabağ"ı isə kubokdan məhrum etməklə, həm bürünc mükafata, həm də ölkə kubokuna sahib çıxa bilər. Ancaq bu, heç də asan başa gəlməyəcək. Doğrudu, "Qəbələ" qış fasiləsindən sonra stabil çıxış edir, xüsusən də, son turlarda "artırıb". Təsadüfi deyil ki, komanda ikinci yarıda keçirdiyi 11 oyunun cəmi 2-də məğlubiyyət acısı dadıb ki, hər iki halda məhz "Qarabağ" önündə aciz qalıb.

Qurban Qurbanovun kollektivi isə mövsümün sonuna yaxınlaşdıqca rəqibləri üçün daha acımasız olur. Qış fasiləsindən sonra ağdamlılar cəmi 3 oyunda heç-heçə ilə barışıb. Bu il yenilgi üzü görməyən "Qarabağ" son 5 qarşılaşmada bir qayda olaraq aktivinə 3 xal yazdırıb. üstəlik, bu matçlarda 16 qol vurub, 2 top buraxması son çempionun necə formada olduğunun göstəricisidi.

Bu mövsüm Premyer Liqada 4 oyunun hamısında rəqibinə uduzan "Qəbələ" bu azmış kimi, yarımfinalın hər iki görüşünə ciddi itki ilə çıxacaq. Belə ki, komandanın əsas qapıçısı Dmitri Bezotosnı zədə ucbatından oyunları buraxacaq.

Azərbaycan kuboku çərçivəsində bu komandalar 4 dəfə üz-üzə gəliblər ki, bunun yalnız 1-də "Qəbələ" mərhələ adlamağı bacarıb. 2016-17 mövsümünün finalında isə "Qarabağ" sabahkı rəqibinə qalib gəlib. Ardıcıl 4-cü dəfə yarımfinalda mübarizə aparacaq "Qəbələ" ilk dəfə bu mərhələdə qarşılaşacağı "Qarabağ"ı üstələməyi bacarsa, ardıcıl 3-cü final oyununa vəsiqə qazanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest