Azərbaycan futbol klublarında idman direktoru vəzifəsinə gətirilən əksər mütəxəssisin gözü əsas komandanın baş məşqçisi postunda olur. Nədənsə, adətən bu vəzifəyə hansısa məşqçi gəldikdən sonra komandada "torba əməliyyatı"na start verilir, baş məşqçinin ayağının altı qazılır. Bu, aksiomadı!

İdman direktorluğundan baş məşqçiliyə keçidin son nümunələrdən biri elə məhz "Keşlə"də yaşanmışdı. Əvəzedici heyət də daxil olmaqla, aşağı yaş qrupları üzrə komandaların koordinatoru Ramiz Məmmədovun 2017-ci ilin sonlarında 4 oyunluq "Keşlə"ni çalışdırdığı çoxlarının yadındadı. Həmin müddətdə elə dərin iz qoyuldu ki, uzun zaman yaddan çıxası deyil. Məhz onun rəhbərliyi dövründə Nizami Hacıyev və Mirhüseyn Seyidov danışılmış oyunlardakı iştiraka görə futboldan uzaqlaşdırıldılar.

Düzdü, Məmmədov sonradan yenə əvvəlki işinə qayıtdı. Koordinatorluqla yanaşı, həm də idman direktoru vəzifəsinə təyin olundu. Ancaq görünür, mütəxəssis isti yerini soyuq etməkdən qorxmayaraq, yenə baş məşqçi postuna göz dikib. Onun "CBC Sport" telekanalında yayımlanan "Bizim Futbol" verilişindəki fikirləri adamı bu cür düşüncələrə qapılmağa vadar edir.

Sona 4 tur qalmış çempionatda sonuncu yeri tutan "Keşlə"nin çıxışını dəyərləndirən Məmmədov üstüörtülü də olsa, məşqçilər korpusundan başqa günahkar göstərməyib. Futbolçuları qorumaqdan çəkinməyən idman direktoru "komandanı düşdüyü vəziyyətdən çıxarmaq məşqçi korpusunun işidi. Onlar bunun üçün əllərindən gələni etməli və axtarışda olmalıdılar", - fikrini səsləndirib.

Deməli, Ramiz Məmmədov həmkarı Tərlan Əhmədovu işində yetərsiz hesab edir və belə qənaətə gəlir ki, "Keşlə"nin son pillədə qərarlaşmasının günahkarı hazırkı çalışdırıcıdı.

Məmmədov əvvəlcə etiraf edir ki, uğursuz futbolçu transferləri həddən artıq çox oldu. Sonra da baş məşqçini necə günahlandıracağını bilmir, "uğursuz" saydığı əcnəbilərin göndərilməsini yanlış addım sayır: "Komandamıza uğursuz transfer axını olmuşdu. Klub prezidenti Zaur Axundovla bununla bağlı söhbət etmişdik. O, çox əsəbi idi. Məşqçi kimi istəyirsə, rəhbərlik gətirir, onun işinə qarışmır. Amma futbolçular ümidləri doğrultmadılar. Tez-tez futbolçu dəyişmək bu nəticəyə gətirib çıxardı. Bəlkə də, onları saxlayıb şans verilsəydi, daha yaxşı olardı..."

Bəli, 7 cümləyə sığışdırdığımız açıqlamada Məmmədov hər iki fikri deyir. Tərlan Əhmədov qış fasiləsində Georgios Georgiadis, Diallo Quidileye, Ebrima Sohna, Bahodir Nasimov, Herve Tçami kimi əcnəbiləri yola saldı. Hansı ki, bu 5 nəfər meydanda normal bir futbolçunun işini görə bilmədi.  

Futbolçu dəyişikliklərini qabartmaqla həmkarına "daş atan" idman direktoru niyə demir ki, "Keşlə"nin stabilliyini itirməsinin ən böyük səbəbi də məhz məşqçilərin tez-tez  dəyişdirilməsi və yayda alınan futbolçuların keyfiyyətli olmamasıdı.

Deməli, Ramiz Məmmədovun baş məşqçini günahlandırıb, onun yerində gözü olduğunu büruzə verməkdənsə, əsl həqiqəti deməyə cəsarəti çatmır...

Maraqlıdı, mövsümün əvvəlində 6 oyunda 2 xal toplayan Mladen Milinkoviçi tərifləyən Məmmədov, 18 matçda 17 xal yığan Əhmədovu niyə gözü götürmür? Olmaya, könlünə baş məşqçi olmaq düşüb?

Görünən odu ki, Məmmədov yenə fəallaşıb. Həftə səkkiz mən doqquz, İrandan, Turandan "aldığı" təkliflərlə 5-6 saatlıq gündəmə gələn Ramiz bəy Azərbaycan səviyyəsində dövrünün normal futbolçularından olsa da, məşqçilik "level"i sıfırdan aşağıdadı.  

2006-cı ilin oktyabrından 2010-cu ilin mayınadək və 2012-ci ilin sentyabrından 2013-cü ilin aprelinədək "Qəbələ"də çalışıb. Məmmədovun rəhbərlik etdiyi "qırmızı-qaralar" 139 oyunda 46-da qələbə qazansa da, 60 məğlubiyyət alıb, 33 bərabərliyə sevinib. Statistika öz yerində, amma həmin vaxt mətbuatda yazılanlara görə, onun "Qəbələ"dən qovulmağının səbəbi tam başqa idi.

2001-ci ilin yanvarında isə Qazaxıstanda "Atırau" klubunda peyda oldu və 6 aydan sonra qovuldu: 17 oyunda 4 qələbə, 6 heç-heçə, 7 məğlubiyyət...

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest