“Qarabağ”ın sabiq qapıçısı Cahangir Həsənzadənin matc.az saytına müsahibəsi

- "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə cavab oyununda böyük çətinliklə üzləşsə də, sonda tarixi uğura imza atmağı bacardı…

- Həqiqətən də, “Qarabağ” bu görüşdə çətinliklərlə üzləşdi. Halbuki ilk oyunda kifayət qədər müsbət nəticə qeydə alınmışdı və 2 top fərqi ilə üstünlük var idi. Bu mərhələdə zəif komanda olmur. Buna görə də, cavab matçı ilə bağlı öncədən narahatlığımız var idi. Ancaq oyun başlayandan sonra gördük ki, “Qarabağ” üstünlük əldə etdi və ilk hissədə yaxşı futbol sərgiləyərək qol epizodları yaratdı. Təəssüflər olsun ki, birinci hissədə hesabı aça bilmədik. Fasilədən sonra oyunun axarı dəyişdi, “Qarabağ”ın futbolçusuna qırmızı vərəqə göstərildi, sonra “Braqa” 2 qol vuraraq ümumi hesabı bərabərləşdirdi. Buna baxmayaraq, “Qarabağ” ruhdan düşmədi və əzmkar oyun göstərdi. Qeydə alınan yekun nəticə və növbəti mərhələyə çıxış fəxredicidi. “Qarabağ” artıq Avropada öz sözünü demiş komandadı.

- İkinci sarı vərəqədən çox Elvin Cəfərquliyevin aldığı ilk sarı vərəqə epizodunda hakimin doğru qərar vermədiyi haqda fikirlər səsləndirilir. Siz bu qərarla bağlı hansı fikirdəsiniz? Ümumiyyətlə, bolqar hakimin qonaqlara simpatiyası hiss olunurdu?

- İlk sarı vərəqənin göstərildiyi epizod 50/50-yə idi. Amma referinin qərarı elə oldusa, artıq ediləsi bir şey yox idi. Bununla razılaşıb-razılaşmamağımız heç nəyi dəyişmir. Nə yaxşı ki, “Qarabağ” qırmızı vərəqə alandan və 2 top buraxandan sonra sınmadı. Əlavə vaxtları da nəzərə alsaq, komandanın sonadək fiziki gücü çatdı. Əlavə vaxtda qollar vurması o deməkdi ki, “Qarabağ”ın potensialı kifayət qədər yüksəkdi.

- "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviçi “Braqa” ilə cavab matçının ən yaxşısı adlandırmaq olar?

- Bəli, ən yaxşılardan biri Marko Yankoviç idi. Nəriman Axundzadəni də unutmaq olmaz. Portuqaliyadakı oyunda fərqlənmək imkanını qaçırtsa da, ikinci matçda həlledici qola imza atdı.

- Püşk yenə "Qarabağ"ın üzünə gülmədi. 1/8 finalda komandamız Avroliqanın qrup mərhələsində qarşılaşdığı "Bayer"lə üz-üzə gələcək. Püşkün nəticəsini necə dəyərləndirirsiniz? "Qarabağ" artıq yaxından tanıdığı Leverkuzen təmsilçisi ilə oyunlarda sürprizə imza ata bilər?

- “Bayer” gücünə görə ürəkaçan rəqib deyil. “Qarabağ” bu mövsüm bu komanda ilə artıq qarşılaşıb. Zənnimcə, hazırkı durumda “Qarabağ”dan istənilən müsbət nəticəni gözləmək olar. Amma “Bayer”in kifayət qədər səviyyəli futbolçulara sahib olduğunu nəzərə alsaq, bizi çox maraqlı oyun gözləyir. “Bayer”in mərhələni rahat adlayacağını düşünmürəm.

- Andrey Lunyovun “Braqa” ilə görüşdəki çıxışını necə dəyərləndirirsiniz?

- Qənaətbəxş qiymətləndirirəm. Lunyov etibarlı oyunu ilə seçilir. Yavaş-yavaş əsl formasını bərpa edir. Növbəti görüşlərdə də “Qarabağ”a xeyri dəyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest