"Bu oyunla fərqi aradan qaldırmaq olmaz. Biz də görürük ki, oyunun qırılma nöqtəsi başqa bir detaldır. Oyunun ritmini itiririk. Verilməyən penaltilər var"

"İlk öncə sizləri salamlayıram. Oyuna yaxşı hazırlaşmışdıq. Komanda məşq prosesində istəkli idi. Oyundan qalib çıxmaq istəyirdik. Əfsuslar olsun ki, alınmadı. "Kəpəz" qələbə qazandı. Ümumi götürəndə çox danışmaq istəmirəm".
 
Matc.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 24-cü turunun "Kəpəz"lə (2:1) oyunundan sonra mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
 
- Klub rəhbərliyi ilə iclas keçirirdiz?
 
- Xeyr, oyundan sonra komanda ilə danışırdıq. İclas kimi danışmırdıq. Tövsiyyələrimizi verirdik, komandanı növbəti oyuna kökləyirdik.
 
- 8 xallıq fərq yaranıb...
 
Bu oyunla fərqi aradan qaldırmaq olmaz. Biz də görürük ki, oyunun qırılma nöqtəsi başqa bir detaldır. Oyunun ritmini itiririk. Verilməyən penaltilər var. Futbolçunun başını yarmalıdırlar ki, penalti versinlər? Bizə fərqli qərar verirlər. Problem özümüzdədir.
 
- İlk dəfədir ki, Qəbələdə istefa şüarları səsləndirilir...
 
- Azarkeşləri də başa düşürük. Keçən il başqa "Qəbələ" var idi. Bu il başqa. Onlar da komandanı yaxşı görmək istəyirlər. Düşünürlər ki, baş məqşçi getsə, hər şey düzələcək. Mən yapışıb qalmamışam, mənə də burada inanan insan var. O nə vaxt mənimlə görüşüb yolları ayıracaqlarsa, mən də hər kəslə sağollaşıb gedəcəyəm.
 
- Emil Səfərovun zəif oyununun səbəbi nə idi? Həyəcanla bağlı ola bilər?
 
- Emil artıq gənclik mərhələsini keçib. Millinin futbolçusu həyəcanlanırsa, onun inkişafında problem olacaq. Amma səbəb həyəcan deyildi. Zəif oynadı, toparlanmalıdır.
 
- Azarkeşlərlə görüşünüz olacaq?
 
- Mən bir ay deyil ki, buradayam. Heç kimdən qaçmıram, kim istəsə, görüşə bilərik. Çıxış yolunu mənim getməyimdə bilirlərsə, klub prezidenti ilə görüşüb istəklərini bildirsinlər. 
 
- Əlinizdəki heyət bu yerə layiqdir?
 
- Heyət o qədər də aciz deyil.Amma 24 tur ərzində 9 dəfə azlıqda qalmışıq. Problem özümüzdədir. Komanda dişini göstərməlidir. Məşqdə fərqli istək görürük, amma oyunda bunu görə bilmədik.
 
- Komandanın uğursuzluğunu sabiq baş menecer Nail Kərimova bağlamaq olar?
 
- Düşünürəm ki, yoxdur. Səbəbləri bir nəfərdə görmək lazım deyil. Ötən ilki futbolçuları saxlamaq çox çətin oldu.
 
- "Kəpəz"ə ev oyunlarını Qəbələdə keçirməyə icazə vermisiz. Əsas rəqibiniz sizin stadionda xallar qazanır. Sizcə, bu, doğrudur?
 
- Bu, mənə aid olan sual deyil. Məsuliyyət həmişə məşqçinin üzərində olur. Bu durumdan xarakter göstərib çıxacağıq.
 
- Qarşıda 12 tur var. Komandanın neçə xal yığacağını düşünürsünüz?
 
- Rəqəmlə demək çətindir, hər oyunun öz hökmü var. Bu oyun bütün komandaya bir siqnal olmalıdır. Bəli, artıq çox şeyi itirmişik. Amma fikirləşsək ki hər şey bitib, onda mübarizə dayanacaq. Komandama inanıram.
 
- Ötən mövsüm son pillələrdə olan komandaların baş məşqçiləri bildirirdilər ki, Premyer Liqadan düşmək ləğv olunsun. Siz necə düşünürsünüz, idman prinsipləri qorunmalıdır?
 
- Bizim işimiz komanda ilə bağlıdır. Düşmək olacaqsa, barışmaq lazımdır. Qanun nəyi tələb edirsə, ona uyğunlaşmalıyıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest