Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir. Matc.az saytının məlumatına görə, bu gün yunan-Roma güləşi üzrə yarışlara start verilib.

İlk olaraq 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər döşək üzərinə çıxıblar.

Bütün pəhləvanlarımız mübarizəyə təsnifat mərhələsindən başlayıblar.

55 kq
Eldəniz Əzizli ilk görüşündə serbiyalı Sebastyan Kolomparı döşək üzərinə çıxamağına peşman edib - 9:0. Əzizli 1/4 finalda Nuqzari Tsurtsumianı (Gürcüstan) da eyni hesabla məğlub edib. Yarımfinala adlayan güləşçimizin final yolunu Vitali Kabaloyev kəsib. Rusiyalıya 5:7 hesabı ilə uduzan 
Əzizli bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi Şerif Kılıç (Türkiyə)/Vladislav Korostelov (Ukrayna) cütünün qalibi olacaq.

63 kq

Taleh Məmmədov isə mübarizəyə Donior İslamovla (Moldova) start verib. Rəqibini 8:3 hesabı ilə məğlub edən idmançımız 1/4 finalda da rumıniyalı Mixai Mihutuya çətinliklə qalib gəlib - 8:7. Məmmədov yarımfinalda Stiq-Andre Berge (Norveç) ilə qarşılaşıb. Bu rəqibinə yenilən pəhləvanımız "bürünc" uğrunda Slavik Qalstyan (Ermənistan)/Maksim Nehoda (Belarus) cütünün qalibi ilə üz-üzə gələcək.

77 kq
Elvin Mürsəliyev ilk görüşündəcə gözlənilmədən alman Roland Şvartsa yenilib - 0:6. Amma rəqibinin mübarizəni davam etdirməsi Elvinə medal şansı yaradıb. Bunun üçün isə pəhləvanımız əvvəlcə erməni Arsen Culfalakyanı yolundan kənarlaşdırmalıdır.

87 kq
Elvindən fərqli, İslam Abbasov almanla dueldən qalib ayrılıb. Belə ki, Denis Kudlanla görüş 1:1 hesabı ilə nəticələnsə də, qələbə idmançımıza verilib. Abbasov 1/8 finalda Rusiya təmsilçisi Davit çakvetadze üzərində çətin qələbə qazanıb - 2:1. Pəhləvanımız 1/4 final mərhələsində ermənistanlı Maksim Manukyana heç bir şans verməyib (6:1) və yarımfinala yüksəlib. Abbasovun bu mərhələdəki rəqibi isə Belarus təmsilçisi Nikolay Stadub olub. Rəqibinə 4:0 hesabı ilə qalib gələn İslam finalda ukraynalı Jan Belenyukla görüşəcək.

130 kq
Sabah Şəriəti də yarışa qələbə ilə başlayıb. O, təsnifat mərhələsində Stepan Davidi (çexiya) üstələyib - 7:1. Lakin güləşçimiz 1/8 finalda 8 qat Avropa çempionu Rıza Kayaalp (Türkiyə) səddinə ilişib - 0:5. 
Sabah təsəlliverici görüşdə xorvatiyalı Ante Milkoviçə qalib gələcəyi halda isə idmançımızın bürünc medal qazanmaq şansı yaranacaq.

***

Bundan əlavə ötən gün mübarizəyə başlamış qadın güləşçilərdən üçü də medal uğrunda yarışa çıxıblar.

57 kq

Alyona Kolesnik təsəlliverici görüşdə rumıniyalı Denis Fodorla qarşılaşıb. Bu rəqibini 4:0 hesabı ilə məğlub edən təmsilçimiz "bürünc" uğrunda döyüşdə bolqarıstanlı Mimi Xrostovu xalçaya çıxmağa peşman edib - 10:2.

62 kq

Tatyana Omelçenko yarımfinalda Taybe Yuseinə (Bolqarıstan) uduzsa da, bürünc medal uğrunda yarışda ukraynalı İlona Prokopevnyuka qalib gəlib və üçüncü olub. 

65 kq

Elis Manalova isə komandamızın aktivinə daha bir qızıl medal yazdırıb. O, sonuncu rəqibi rumıniyalı Krista İnçeni 6:4 hesabı ilə yenib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest