Baş məşqçinin XXIII turda iş başında olduğunu bildirən departament rəhbəri çalışdırıcının aprelin 17-də ölkəmizə qayıdacağını söyləyib: "Yurçeviç ötən tur "Neftçi" - "Zirə" (4:2) oyununda stadionda idi".

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Bakıya planlaşdırdığı vaxtdan tez qayıdacaq. Bu barədə matc.az saytına açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.

O bildirib ki, bu həftənin əvvəlində Bakını tərk edən xorvatiyalı mütəxəssis Topaz Premyer Liqasının yalnız bir turunun oyunları zamanı ölkəmizdə olmayacaq.

Baş məşqçinin XXIII turda iş başında olduğunu bildirən departament rəhbəri çalışdırıcının aprelin 17-də ölkəmizə qayıdacağını söyləyib: "Yurçeviç ötən tur "Neftçi" - "Zirə" (4:2) oyununda stadionda idi. O, bu həftənin əvvəli gedib. Təkcə, XXIV turun oyunlarını izləyə bilməyəcək. Baş məşqçi aprelin 20-də qayıtmağı planlaşdırırdı. Lakin çempionatımızda XXV turun matçları aprelin 18-19-na təsadüf etdiyindən, Bakıya ayın 17-də gələcək. Yurçeviç həmin turda futbolçuları bir daha izləmək fikrindədi".

Firuz Abdulla onu da əlavə edib ki, Yurçeviçin xorvatiyalı köməkçisi Mario Tokiç ölkəmizdədi: "Həm o, həm də yerli köməkçilər Arif Əsədovla Dmitri Kramarenko oyunları müntəzəm diqqətdə saxlayırlar".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest