Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Sadiqovun matç.az saytına müsahibəsi

- ötən mövsümün sonunda "Neftçi"dən ayrıldıqdan sonra karyeranızı bitirdiniz. özünüz getmək qərarına gəldiniz, yoxsa təklif yox idi?

- Açığı, iki yerli klubdan təklif almışdım. Amma özüm oynamaq istəmədim. Futboldan artıq iyrənirdim. Futbolun içində hər cür pis əməlləri gördüyüm üçün getmək qərarına gəldim.

- Hazırda nə işlə məşğulsunuz və gələcəklə bağlı planınız nədi?

- Hələlik futboldan tamam uzaqlaşmışam, dincəlirəm. Ola bilər ki, gələcəkdə hansısa klubda bir vəzifədə işlədim. Ancaq məşqçi işləmək istəmirəm. çünki 30 ildə çox əziyyət çəkdim. Məşqçilərin də hansı əziyyətə qatlaşdıqlarını görmüşəm. Hər futbolçunun bir xasiyyəti var. Klubda da 25-26 oyunçu olur. Hərəsi ilə ayrı-ayrı danışmalısan. 11 nəfəri oynatmağa məcbursan, belədə də qalanları inciyir. İnsanların psixologiyası fərqlidi. Kimsə gedib orda-burda danışır ki, haqqımı tapdaladılar, məni oynatmadılar. Mən də bunu götürmərəm. Adi köməkçi belə olsam, kiminsə arxamca nəsə deməyini istəmirəm. Ən yaxşısı məşqçi işləməməkdi.

- Bəs futboldan ötrü darıxmırsınız?

- Açığı, hələ darıxmıram. Düzdü, çempionatın bütün matçlarını televiziya vasitəsilə izləyirəm. "Dalğa Arena"da oyun olanda evə yaxın olduğu üçün stadiondan baxıram.

- Futbolumuz kənardan necə görünür?

- Günü-gündən geriləyir. Bu sualı uşağa da versən, eyni fikri deyəcək. çox az futbolçu yetişir. Əvvəllər gənclər rayon klublarında yetişib üzə çıxırdılar. İndi hansı rayon klubu var? Normal bir ad çəkmək mümkün deyil. Bir "Qəbələ" qalıb, onun da durumu ürəkaçan deyil. Lənkəran, Zaqatala, Tovuz kimi yerlərdən yetişməlidi, şəhərdə bunu etmək çətindi. Əvvəllər futbolun əlifbasını rayonda öyrənib şəhərə gəlirdilər. Ona görə də möhkəm olurdular. çempionatda 8 klubun olmasının da buna böyük təsiri var. Azərbaycan futbolu adına 8 komanda çox pisdi. İldə 28 oyun edir, yəni 28 həftə. Bu o deməkdi ki, futbolçular ilin yarısını dincəlirlər. ölkə kuboku 1/4 finaldan başlayır, 3-4 oyun keçirirsən, finala çıxırsan. Ancaq 16-18 komandamız olanda ən azı 30 matç keçirirdik. Rəqiblərlə orda-burda oynayırdıq, daha indiki kimi eyni rəqiblə 4 dəfə qarşılaşmırdıq. Kuboku da nəzərə alsaq, 45-48 oyun edirdi. İndi isə maksimum 30-35 görüş olur və belədə də inkişaf gözləməyə dəyməz.

- Milli komandamız Millətlər Liqasında Malta ilə bərabərliyə (1:1) görə çox tənqid olundu. Bu, sizin sadaladığınız amillərin təsirindəndi, yoxsa, həqiqətən də, futbolumuz Malta səviyyəsindədi?

- Futbolumuzun səviyyəsi Maltadan güclüdü. Komandamız onlarla matçda xeyli sayda qol vəziyyəti yaratdı, fərqlənə bilmədi. Uşaq futbolundan başlayan problem milliyə qədər davam edir. İndi bir az yaşlı futbolçular da kənara çəkiliblər. Cavanlarda isə inkişaf yoxdu, yeni nəsil gəlmir. Qurban Qurbanovdan nə tələb etmək olar? üzdə olan futbolçular bunlardı. Kimsə deyir ki, filankəsi niyə çağırmadın? Bir nəfərlə nə dəyişəcək? Hazırda futbolçularımızın 99 faizi eyni səviyyədədi. çempionatda güclü rəqabət yoxdu ki, inkişaf olsun. 5-6 il əvvəl 6-7 komanda çempionluğa iddia edirdi. "Qarabağ", "Neftçi", "Xəzər Lənkəran", "İnter", "Bakı" çempionluğa oynayırdı, "Simurq", AZAL yüksək yerlərə iddia edirdilər. Hamı bir-birindən xal alırdı, güclü rəqabət var idi. İndi isə mövsüm başlayanda hamı bilirdi ki, təkcə "Qarabağ"la "Neftçi" çempionluq uğrunda yarışacaq. Artıq neçə ildi ki, 2 komandanın mübarizəsini görürük. "Neftçi"dən əvvəl "Qəbələ" idi "Qarabağ"la yarışan. İndi "Qarabağ" istənilən komanda ilə oyuna çıxanda, fikirləşirsən ki, qalib gələcək. İkinci heyətlə meydana çıxmalıdı ki, kimsə xal ala bilsin. Birinci dövrədə ikinci heyətlə "Neftçi"dən 1 xal aldılar. Sonra da deyirlər ki, "Qarabağ" geri gedir. Rəqabət olmayandan sonra istər-istəməz komanda zəifləyər də.

- Ancaq etiraf edin ki, gənc futbolçular da inkişaf etmək istəmirlər, tənbəllik edirlər. Axı çempionatdakı yaş limiti onlara inkişaf etmək imkanı yaradır...

- Bəli, tənbəllikləri çoxdu. Mən özüm də görmüşəm. Digər tərəfdən əvvəllər gənclər rayonların palçığında, otu bərbad vəziyyətdə olan torpaqda yetişirdilər. İndi isə uşağından tutmuş böyüyünə qədər hamısı süni örtükdə hazırlaşır. Uşaqlar diz, topuq zədəsi ilə böyüyürlər. Bütün dünya süni meydançaları yığışdırır. Bizdə kimsə deyə bilməz ki, hansısa aşağı yaş qrupu komandası təbii örtükdə məşq keçir. Süni örtükdə gün ərzində 10 saat da məşq keçsən, uşağa xeyri olmayacaq. 8-10 yaşlı uşaq hər gün evə niyə ağrı ilə gəlməlidi?

- Gənclərdən söz düşmüşkən, millimizin yarımmüdafiəçisi Mahir Mədətov Malta ilə oyundan sonra çox tənqid olundu. O özü də sosial şəbəkələrdə tez-tez tənqidlərə reaksiya göstərməsi ilə tanınır. Bu məsələdə kimi haqsız görürsünüz?

- Mahirin üzərinə bu dəfə çox getdilər. Mən özüm də futbolçu oluşam. Mətbuat, azarkeşlər bir nəfəri hədsiz tənqid etsələr, o futbolçudan heç nə gözləməyin. "Qarabağ"ın avrokuboklardakı uğurlu çıxışlarında Mahirin əməyi az olmayıb. Bir matçdakı zəif oyununa görə bu qədər sıxmaq olmaz. Nə milli, nə də "Qarabağ" bir oyunla iştirakını bitirmir. Sonrasını da fikirləşmək lazımdı. üzərinə çox getsən, onu itirəcəksən. üstəlik, Mahir gəncdi, elə böyük təcrübəsi yoxdu ki, soyuqqanlılıqla qarşılasın. Mahirdə də həddən artıq çılğınlıq var, özündən tez çıxır. Amma səbrli davransa, iradəli olsa gələcəkdə daha da irəli gedəcək. Hər azarkeşin tənqidinə reaksiya göstərmək düzgün deyil. 5-10 min azarkeşin hamısının tənqidinə qarşılıq vermək olmaz.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest