Bütün Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlişini toy-bayram etdiyi bir vaxtda "Neftçi" rəhbərliyinin uşaqlara qarşı biganəliyi "göz oxşayır". Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni doğulan körpəyə baş çəkir, onun valideynləri ilə görüşür, səmimi söhbətləşir, mənzil hədiyyə edir.

Amma bizim klub rəsmiləri bundan örnək götürmək, nəticə çıxarmaq əvəzinə sanki uşaq işgəncəsindən həzz alırlar. Yeri gəldi-gəlmədi, uşaq futbolunun inkişafından dəm vuran klub prezidenti Kamran Quliyevin gözləri qarşısında UEFA-nın elə uşaq futboluna ayırdığı vəsait hələlik uşaqlardan daha çox böyüklərin rahatlığına yönəlir. Bunu gizlin saxlamağa cəhd etsələr də, ortada təyyarə ağırlığında, "Boeing" böyüklüyündə fakt var... 

Fakt barədə az sonra. Deməli, bu günlərdə İzmirdə 12 yaşadək futbolçular arasında beynəlxalq turnir keçirildi. İştirakçı 72 komanda arasında bizim "Neftçi" və "Qəbələ" də yer almışdı. Aylıq büdcəsi təxminən 700 min manat civarında olan paytaxt təmsilçisi uşaqları Türkiyəyə avtobusla, "Qəbələ" isə təyyarə ilə yola saldı. Hər iki komanda turnirdə 8 oyun keçirdi ki, "Neftçi" bu görüşlərdən 5, "Qəbələ" isə bundan 2 dəfə çox - 10 xal topladı. 

Ortadakı rəqəm "Neftçi" və "Qəbələ" rəhbərliyinin uşaqlara necə diqqət göstərdiyinin nəticəsidi. Təbii, əgər Quliyevin də daha yaxşı nəticə "umrunda", ölkənin imicini daha yaxşı təmsil etmək kimi maraqları olsaydı, komandanı İzmirə sovetdən qalma PAZ vəziyyətində olan avtobusla yox, təyyarə ilə yola salardı. Amma bunlar uşaqların "məndən yaxşı futbolçu olacaqmı?" kimi düşüncələrini PAZ-a "ilişdirir".

Düzdü, yarışa avtobusla getməkdə qəbahət yoxdu. Lakin akademiyanın direktoru Mik Benet və onun xanım tərcüməçisi həmin turnirə "Boeing"lə, "biznes-klass"la gedib gəlirlər. Niyə uşaqlar yerlə, "yekələr" göylə? Azərbaycana kabab iyinə, yalnız pul qazanmaq üçün gələn hansısa ingilisi Türkiyəyə təyyarə ilə yola salıb qarşılamağın, canı-canımızdan, qanı-qanımızdan olan bu uşaqlara 36 saatlıq avtobus işgəncəsi verməyin adını... qoy Kamran bəy qoysun!  

Maraqlıdı, əgər Quliyevin ən yaxın dostlarının övladları heyətdə yer alsaydı, komanda 2500 km-lik yolu avtobusla gedərdimi? Allah bilir. Hər halda, başqasının övladına can yandırmaq üçün kənardakılara mömin obrazı yaratmaqla iş bitmir. Gərək niyyətin, əməlin təmiz olsun!

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest