"Azərbaycanla oyunun 90-cı dəqiqəsində ayağımda ağrı hiss etdim. Yosip Brekalo mənə ötürmə verəndə rəqib sürüşərək dizimə dəydi. Həmin vaxt bunun ciddi olmadığını düşündüm. Ancaq ertəsi gün dizim şişdi".

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya yığmasının qapıçısı Lovre Kaliniç klubu "Aston Villa"dan ayrı düşüb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, buna qolkiperin zədəsi səbəb olub.

çempionşip təmsilçisinin düşərgəsini tərk edən Kaliniç müalicəsini Xorvatiyada keçəcək. O, martın 21-də Zaqrebdə millimizlə keçirilən qarşılaşmada zədələndiyini açıqlayıb.

Kaliniç həmin vaxt buna elə də önəm vermədiyini də etiraf edib: "Azərbaycanla oyunun 90-cı dəqiqəsində ayağımda ağrı hiss etdim. Yosip Brekalo mənə ötürmə verəndə rəqib sürüşərək dizimə dəydi. Həmin vaxt bunun ciddi olmadığını düşündüm. Ancaq ertəsi gün dizim şişdi. Həkim şişin zərbələrdən yarandığını və Macarıstanla qarşılaşma öncəsi müalicəyə vaxt olmadığını söylədi. Azərbaycanla görüşün ertəsi bərpa prosesi keçdik. Ağrılar olsa da, önəm vermirdim. Hətta Macarıstanla səfər oyununda da meydana çıxdım. Yalnız Macarıstanla görüşdən bir neçə gün sonra müayinə zamanı zədənin ciddiliyi üzə çıxdı".

Qeyd edək ki, Kaliniçin zədələndiyi oyunda Xorvatiya millimiz üzərində 2:1 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest