"Yaxşı hazırlaşmışdıq. Oyunun əhəmiyyətini hamımız dərk edirdik". Matc.az saytı xəbər verir ki, bunu "Səbail"in hücumçusu Ağabala Ramazanov deyib.

Topaz Premyer Liqasının XXIII turunda "Sabah"la qarşılaşan "Səbail" hesabı açmasına baxmayaraq, məğlubiyyətə düçar olub - 1:3.

Qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandıran Ramazanov əvvəlcə oyun barədə fikirlərini bildirib: "Qalib gəlsəydik, mövqeyimizi möhkəmləndirəcəkdik. Ancaq alınmadı. Futboldu, keçən tur səfərdə "Zirə"yə qalib gəlmişdik, bu gün öndə olduğumuz matçda uduzduq. "Qəbələ"nin məğlubiyyətindən xəbərimiz var idi, qalib gəlsəydik, 3-cü yerdə möhkəmlənəcəkdik. Alınmadı, diqqətimizi qarşıdakı oyunlara ayıracağıq. "Sabah"ı təbrik edirəm, layiqli qələbə qazandılar".

- Erkən qol arxayınlıq yaratmadı?

- Deməzdim ki, arxayınlaşdıq. Sadəcə, öz səhvlərimizdən uduzduq. Bundan nəticə çıxaracağıq.

- "Sabah" sizə qarşı həmişə çətinlik çəkirdi və indiyə qədər bu rəqibdən qol belə buraxmamışdız. Bu gün nə baş verdi?

- Mən öz adımıza danışa bilərəm. Bu gün çox zəif oynadıq. Rəqibin qələbəsinə heç bir şübhəmiz yoxdu. Layiq olduqları qalibiyyəti əldə etdilər. Sadəcə, özümüz də onların işini asanlaşdırdıq. Erkən qol vurmuşduq, rahat qələbə əldə edə bilərdik, ancaq əksinə oldu.

- Baş məşqçiniz Aftandil Hacıyev dedi ki, sizi vaxtından əvvəl avrokuboka göndərənlər var və bununla sanki onu bildirmək istədi ki, belə fikirlər komandada arxayınlıq yaradır. Sən necə düşünürsən?

- Komanda yığılanda heç kim indi 3-cü yerdə olacağımızı düşünmürdü. Hamı orta sıralarda yer alacağımızı gözləyirdi. Fikirləşirdilər ki, 6, ya da 7-ci yerdə olacağıq. İndi 3-cü yerdəyik, avrokuboka getmək imkanımız var və çalışırıq bu şansdan istifadə edək. Baş məşqçimiz daha yaxşı bilir. Ola bilər ki, nələrdəsə özümüzü "yandırırıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest