İspaniya La Liqasının XXX turunda "Vilyarreal"ın qonağı olan "Barselona" məğlubiyyətdən son dəqiqə qolları ilə xilas olub. Matc.az saytının məlumatına görə, 90-cı dəqiqədə cərimə zərbəsindən fərqlənən Kataloniya klubunun kapitanı Lionel Messi əzəli rəqibi Kriştianu Ronaldonu geridə qoyub.

Belə ki, bu, argentinalının standart vəziyyətdən 81-ci qolu (29-cu cərimə zərbəsindən, 52-si penaltidən) olub. O, La Liqada "Real"da olduğu müddətdə 80 belə qola imza atan Kriştianu Ronaldoya (19-u cərimə zərbəsindən, 61-i penaltidən) qabaqlayıb.

Bu, eyni zamanda Leonun ölkə çempionatında 414-cü qolu olub. O, Top-5 liqalarda ən çox fərqlənən Ronaldo ilə qol sayını bu sahədə bərabərləşdirib. Messi bütün qollarını "Barselona"nın heyətində vurubsa, Ronaldo "Real"la La Liqada 311, "Mançester Yunayted"lə Premyer Liqada 84, "Yuventus"la da A seriyasında 19 topa sevinib.

Dünənki qarşılaşmanın son saniyələrində komandasını məğlubiyyətdən qurtaran və hesabı 4:4 edən Luis Suares isə İspaniya çempionatındakı qollarının sayını 129-a çatdırıb. Bununla Suares həmyerlisi Dieqo Forlanı qabaqlayaraq, İspaniya La Liqasının ən məhsuldar uruqvaylısı olub. Hücumçu bu göstəriciyə 159 görüşdə nail olub.

Matçda "Barselona"nın qollarından birinin müəllifi olan Malkom isə La Liqada "siftə" edib. Mövsümün əvvəlində "Bordo"dan alınan braziliyalı ölkə çempionatında "Barsa" forması altında ilk qolunu vurub.

Qeyd edək ki, 30 turdan sonra aktivində 70 xal olan "Barselona" turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi "Atletiko"nu 8 xal qabaqlayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest