"Möhtəşəm zəfərdir. Bu gün bayram üstünə bayram yaşadıq". Matc.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsinin I turunda "Molde" üzərində qazanılan 1:0 hesablı qələbədən sonra deyib.
Gözəlin fikrincə, qələbənin xüsusi önəmi var: "Oyun haqqında danışmazdan əvvəl şəhidlərə Allahdan rəhmət və ailələrinə səbir diləyirəm. çox gözəl bir oyun oldu. Avropanın ən gözəl komandaları Bakıya gəlir. "Qarabağ" Avropa Liqasında mübarizə aparan 32 komandadan biridir. Əgər qrup mərhələsini adlaya bilsək, 16 komandadan biri olacağıq. Qələbənin mənim üçün, bizim üçün önəmi bir başqa idi. Bu barədə Qurban Qurbanov ilə də danışmışdıq. öz arzularımı çatdırdım. Dedim ki, nəticənin fərqi yoxdur . Əsas zəfər ruhu ilə oynayaq. "Qarabağ" taktiki cəhətdən bu gün çox hazır idi. Qurban Qurbanov başda olmaqla, futbolçuları, klubu və hər kəsi təbrik edirəm. Düşünürəm ki, bu qələbə xalqımıza, Cənab Prezidentimiz İlham Əliyevə kiçik bir töhfə oldu. Bunun üçün çox qürurluyam".
- "Qarabağ" daha çox qol vura bilərdi?
- Rəqib qapıçını təbrik edirəm. Məncə, "Qarabağ"ın gözü o qapıçı da olmalıdır. çox möhtəşəm qurtarışlar elədi. Məharətini göstərdi. Əsas odur 3 xalımızı aldıq. Amma bu gün ən azı 3 qol vurmalı idik.
- Qrupda əsas rəqibimiz olan "Bayer" "Haken"i 4:0 hesabı ilə məğlub edib. Bu barədə nə deyə bilərsiniz?
- Biz hazırda ikinci yerdəyik. "Bayer" Almaniya çempionatının əsas komandalarından biridir. Düşünürəm ki, "Qarabağ" hər il keçən ilə görə bir addım öndə olur. Hesab edirəm ki, bu il daha yaxşı olacaq.
- "Qalatasaray" "Molde" ilə oyunda çox çətinlik çəkmişdi. Sizcə, bu gün "Qalatasaray" "Qarabağ" ilə qarşılaşsa necə olar?
- Bizim qardaş klubla oyunumuz oldu. Amma bu yoldaşlıq oyunu idi. çox istəyərəm ki, bir gün o görüşün əsl formasını yaşayaq. Biz özümüzə çox inanırıq. "Qalatasaray" kimi böyük kluba qarşı da çox yaxşı mübarizə apara bilərik.
- Şahruddin Məhəmmədəliyev gedişi barədə nə demək istəyərdiniz? Sanki Lunyov oyunda Şahruddindən daha sakit oyunda…
- Mən qapıçımızdan razı qaldım. Heç bir şikayətim yoxdur. Mən bu gün "Qarabağ"dan çox məmnunam. Avropada risk etmək o qədər də yaxşı deyil. Düzgün qərar vermişik. Şahruddin özəl insan idi. özünə aid dəsti-xətti var idi. Amma, məncə, doğru qərar verdik.