"Qarabağ"ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına geniş müsahibə verib. Matc.az saytı xəbər verir ki, təcrübəli futbolçu komandadakı hazırkı durumundan və cari mövsümdəki hədəflərindən bəhs edib.

- Başlayaq klubunuzdakı vəziyyətdən. Son vaxtlar daha çox ehtiyatda otursanız da, performansınızdan razısınızmı?

- Deyə bilərəm ki, vəziyyət təkrarlanır. Hazırkı situasiya ötən mövsümdəkinə bənzəyir. Payızda yazdakından daha çox oynayıram. Avrokuboklardan kənarda qaldıqdan sonra bütün diqqətimizi daxili çempionata yönəltdik. Onu da unutmayaq ki, oyunlar zamanı 5 yerli oyunçu və 1 gənc mütləq start heyətində yer almalıdı. Bu üzdən əcnəbilərə cəmi 5 yer qalır. Baş məşqçi də bu imkandan daha çox hücum xətti üçün yararlanır. çünki o, hücum futboluna üstünlük verən mütəxəssisdi. Belə olduğu zaman mənə və ya Vild-Donald Geryeyə 3 yerdən biri üçün mübarizə aparmaq bir qədər çətinləşir. Bütün bunlar tez-tez ehtiyatda oturmağıma səbəb olur. Buna hazır olduğumu da etiraf etməliyəm. Baş məşqçi ilə də bununla bağlı söhbətim olub. Məni daha çox çempionlar Liqası və ya Avropa Liqası üçün nəzərdə tutublar. Bundan başqa, artıq elə yaşdayam ki, hisslərin kiçik rol oynadığını dərk edəcək təcrübəyə sahibəm. özümü soyuqqanlı aparıram, çünki bəzi şeylərə təsir edə bilmərəm.

- Avrokuboklardan bəhs etdiniz. Təbii ki, "Arsenal" və "Sportinq"lə qarşılaşmaq imkanı maraqlıdı...

- Ona görə şanslıyam ki, son üç ildə belə cazibədar rəqiblərlə qarşılaşmışam. "Legiya"nın heyətində "Borussiya" (Dortmund) və "Real"la matçlar yaddaqalan oldu. Daha sonra "çelsi", "Roma" və "Atletiko" ilə qarşılaşmaq fövqəladə hadisə idi. Bu mövsüm isə Avropa Liqasında "Arsenal" və "Sportinq"ə rəqib olduq. Şübhəsiz ki, bunlar Avropanın top-komandalarıdı və mənim nəvələrimə danışmaq üçün xatirələrim olacaq. çempionlar Liqasında oynamaq isə müəyyən mənada maksimum idi.

- Müqavilə müddətiniz mövsümün sonuna qədərdi. Bu müddəti daha bir il uzatmaq istəmirsiniz?

- Əgər qərar məndən asılı olsa, istəyərəm. Necə olacağını görəcəyik. Müqavilə siyasəti Polşadakından bir az fərqlidi. Müqavilə müddətinin bitməsinə bir həftə qalmış futbolçu ilə danışıq olur və anlaşma bitdikdən sonra hər iki tərəf razılaşır. Hələ ki, mövsümün sonunu gözləyirik, ondan sonra nə olacağını biləcəyik. Bəlkə üfiqdə başqa, ekzotik istiqamətdən maraqlı təklif gəldi. Mən cəhd edə bilərəm.

- Polşa istiqaməti ekzotik deyil. Ancaq "Legiya"dan təklif alsanız, hansı addımı atacaqsınız?

- Hələ heç nə yoxdu. "Legiya" hazırda yaxşı futbolçulara sahibdi. Əlbəttə, əgər belə bir variant yaransa, nəzərdən keçirmək olar. Qəlbim hər zaman o klub üçün döyünür. Mən üzərində "eLka" yazılan forma altında çox mübarizə aparmışam. Bu üzdən "Legiya" ilk sıradadı. Ancaq futbolçunu həyatı oynadığı, istədiyi yerdə davam edir.

- Ən titullu legioner olsanız da, bu nailiyyəti bir qədər də artırmaq imkanınız olacaq...

- Düzdü. ötən müddətə boylanıram və Superkubokda uğurlu çıxış etmədiyimiz üçün təəssüflənirəm. Bir neçə dəfə Superkubokda iştirak etsək də, müntəzəm olaraq uduzduq. Ancaq "Legiya"nın oyunları gözlərim önündə canlananda müvəffəqiyyətlərdən yaranan hisslər və sevinc yaranır. Bunlar hər zaman xatırlanacaq.

- "Legiya"da dəyişikliklər olur. Sizin dövrün oyunçularından çox azı qalıb. Hələ də əlaqə saxladığınız kimsə varmı?

- Düzdü, hər şey sürətlə dəyişir. Klub rəhbərləri ilə əlaqədə oluram. Ancaq komanda haqda məlumat istəmirəm, çünki bu, etik olmaz. Sadəcə, dəstək xarakterli söhbət olur.

- Hələ 32 yaşınız var və legioner həyatı yaşayırsınız. Polşa millisindən dəvət alacağınızı ümid edirsiniz?

- Meydana çıxıb öz oyunumu göstərir, işimi görürəm. Millidə müdafiənin yaxşı formalaşdığını düşünürəm. Gəlin müqayisə aparaq. Türkiyə liqasının səviyyəsi Polşa və ya Azərbaycan çempionatından yüksəkdi. "Qarabağ"da birgə oynadığım və hazırda Türkiyədə çıxış edən İbrahim Şehiçlə söhbət etmişəm. O bildirdi ki, Mixal Pazdan "Ankaragücü"yə getdikdən sonra çox dəyişilib və artıq milliyə də qayıdıb. Hazırda isə Polşa millisində 3 güclü mərkəz müdafiəçisi var.

- Polşada "Legiya" ilə "Lexia", Azərbaycanda isə "Qarabağ"la "Neftçi" çempionluq uğrunda mübarizə aparır. Mövsümün sonuna isə az vaxt qalıb. Hər iki ölkədə çempionluq şanslarını necə dəyərləndirərdiniz?

- Polşada "Legiya"nın finişə birinci çatacağını düşünürəm. Azərbaycan çempionatına gəlincə, bizim heyətimiz "Neftçi"dən daha güclüdü. Doğrudu, onlar bu mövsüm yaxşı çıxış edirlər və maraqlı oyunçuları var. Ancaq qarşıdakı bir neçə oyun var və son turda "Neftçi" ilə qarşılaşacağıq. Fikrimcə, bu, çempionluq oyunu olacaq. Bundan əlavə, ölkə kubokunda da yolumuza davam edirik. Biz dubla imza atmaq niyyətindəyik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest