"Neftçi" Topaz Premyer Liqasının XXII turunda qarşılaşacağı "Keşlə" ilə oyunun hazırlığını davam etdirir. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bugünkü məşq "Türk Hava Yolları Futbol Mərkəzi"ndə baş tutub.

Hazırlıq prosesində millinin düşərgəsindən qayıtmış futbolçular – Emin Mahmudov, Namik Ələskərov, Mirabdulla Abbasov və ömər Buludov da iştirak ediblər. Litva ilə yoldaşlıq oyununda 90 dəqiqə meydanda olmuş Səlahət Ağayev və Anton Krivotsyuk bərpa məşqi keçiblər.

Toplu çalışmaların və müxtəlif təmrinlərin yerinə yetirildiyi məşqə yığmaların düşərgəsində olan Kamran İbrahimov, Soni Mustivar və Mamadu Kane qatılmayıblar. Hazırlıq sabah da bir məşqlə davam edəcək.

Qeyd edək ki, martın 30-da "ASK Arena"da keçiriləcək "Keşlə" – "Neftçi" oyunu 18:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest