"Təəssüf ki, qələbə qazana bilmədik. Halbuki uşaqlar qalibiyyətə layiq idilər". Matç.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Norveç yığmasının baş məşqçisi Leyf Qunnar Smerud deyib.

Skandinaviya təmsilçisi Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan millisi ilə keçirdiyi son görüşdə 1:1 hesablı bərabərliklə kifayətlənib.

Qarşılaşmadan sonra yerli mətbuata danışan 41 yaşlı mütəxəssis qələbəyə layiq oynadıqlarını söyləyib: "Hesabda geri düşdükdən sonra çox çalışdıq. Ancaq 1-dən çox qol vura bilmədik. Leo Ostiqardın qolundan sonra ikinci top üçün hücumda təzyiq qurduq. Hədəfimizə çatmaq üçün ikinci qola ehtiyacımız var idi. Ancaq alınmadı. Rəqibin əks-hücumları çox az idi. Əsasən meydança və qapıdan keçmək istəməyən topla "döyüşdük". İrəli atılmaqdan başqa əlimizdən bir şey gəlmirdi. Büdrəməyimiz axmaqlıq oldu. Yekunda da xəcalətli nəticə ilə üzləşdik. Bu uşaqlar daha artığına layiq idilər".

Qeyd edək ki, Norveç qrup mərhələsini 15 xalla ikinci pillədə başa vurub. Yığmamız isə cəmi 3 xalla 6-cı, yəni sonuncu yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest