AVRO-2020-nin seçmə mərhələsində birinci oyununu Xorvatiyaya qarşı keçirəcək Azərbaycan millisinin heyəti açıqlanıb. Matc.az saytının məlumatına görə, yeni baş məşqçi Nikola Yurçeviçin ilk siyahısında kifayət qədər yenilik diqqət çəkir.

Əvvəla birdən-birə 6 debütantın olduğunu vurğulamaq lazımdı. "Sumqayıt"ın yarımmüdafiəçiləri Əli Babayev və Aleksey İsayevin çıxışı xorvatiyalı mütəxəssisin diqqətindən yayınmayıb. Doğrudu, ikinci son vaxtlar əvvəlki formasından uzaq görünür. Lakin bu da Yurçeviçi fikrindən daşındırmayıb. Həmçinin "Neftçi"də əsas heyətdə yerini möhkəmlədən ömər Buludov da ilk dəfə əsas yığma ilə toplanışa cəlb ediləcək. "Tobol"un qapıçısı Emil Balayev, "Qarabağ"ın çərçivə qoruyucusu Şahruddin Məhəmmədəliyev və "Neftçi"nin müdafiəçisi Anton Krivotsyuk əvvəllər milliyə çağırılsalar da, hələ də debüt etmək imkanı qazanmayıblar. Bu baxımdan onların da ilk oyuna çıxmaq şansları yaranıb.

Son vaxtlar klubunda müntəzəm oynamaq İspaniyada legioner həyatı yaşayan Eddi İsrafilovun uzun müddətdən sonra milliyə çağırılmasına kömək olub.

Yurçeviçin ixtisara saldığı oyunçu sayı da az deyil. Hər şeydən əvvəl Kamran Ağayev və Rahid Əmirquliyev adları diqqət çəkir. Görünür, milli komandanın kapitanlarının klublarındakı performansı çalışdırıcını qane etmir. Müxtəlif vaxtlarda yığmaya çağırılan Məhəmməd Mirzəbəyov, Ruslan Qurbanov və Amil Yunanov kimi bir çox oyunçu da baş məşqçinin gözünə girməyi bacarmayıb.

Diqqətçəkən digər məqam "Qəbələ"dən heç kimin çağırılmamasıdı. Müdafiəçilər Bəhlul Mustafazadə, ürfan Abbasov, yarımmüdafiəçi Cavid Hüseynov və hücumçu Rauf Əliyev dəvətlilər sırasına düşə bilməyiblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest