Qazaxıstanın paytaxtı Astanada təşkil olunan şahmat üzrə komandalararası dünya çempionatı başa çatmaq üzrədi. Matc.az saytının məlumatına görə, Azərbaycan yığması bu gün keçirilən VIII tur çərçivəsində İranla qarşılaşıb.

İki şahmatçımızın bərabərə qaldığı turda Rauf Məmmədov qalib gəlsə də, Arkadi Naydiç uduzaraq, üstünlüyü əldən verib. Nəticədə komandamız İranla heç-heçə edib.

Yığmamız öncəki turlarda çin (3,5:0,5), İngiltərə (2,5:1,5) və İsveçə (3:1) uduzub, Qazaxıstan, Rusiya və Hindistanla heç-heçə oynayıb - 2:2. Komandamız yalnız V turda ABŞ -ı 3:1 hesabı ilə məğlub etməyi bacarıb.

Qeyd edək ki, yığmamızın aparıcı üzvləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov Astanaya yollanmayıblar. Əvəzində çempionatda Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov çıxış edir.

 

Dünya çempionatı, VIII tur

13 mart

İran - Azərbaycan - 2:2

Parham Maqsudlu - Arkadi Naydiç - 1:0

Puya İdani - Rauf Məmmədov - 0:1

Amin Tabatabayi - Qədir Hüseynov - 0,5:0,5

Əlirza Firuca - Nicat Abbasov - 0,5:0,5

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest