Qadın və kişi həndbolçularun Azərbaycan çempionatında növbəti iki turun oyunları keçirilib. Matc.az xəbər verir ki, qadınlar arasında 13-cü turun açılış matçında "İdman Akademiyası" U-16 ilə qarşılaşıb. Görüş tələbələrin 41:23 hesablı üstünlüyü ilə başa çatıb.
 
Bu turun "Qarabağ" - "Azəryol" görüşü daha gərgin idman mübarizəsi şəraitində keçib. Bu qarşılaşmada qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq göstərən "Azəryol" rəqibi məğlubiyyətlə barışmağa məcbur edib - 35:31.
 
Maraqlıdır ki, U-16 və "İdman Akademiyası" komandalarının 14-cü turdakı dueli də eyni hesabla nəticələnib - 41:23. "Azəryol"la "Qarabağ"ın növbəti görüşü də gərgin mübarizə ilə yadda qalıb. Bir tur əvvəlki məğlubiyyətin əvəzini çıxmağa çalışan ağdamlıların yüksək əzmkarlığı azarkeşlər tərəfindən alqışla qarşılanıb. Gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasilevanın da izlədiyi matçda daha inamlı oyun nümayiş etdirən "Azəryol" 30:28 hesablı qələbəyə sevinib.
 
Aktivində 34 xalı olan "Azəryol" çempionatın lideridir. "İdman Akademiyası" ondan 14 xal geri qalır. "Qarabağ"ın 18, "Azərsu"nun 9, U-16-nın 3 xalı var.
 
Kişi həndbolçuların ölkə çempionatının 13-cü turunun "Dinamo" - "Məhsul" görüşündə turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmaq niyyətində olan "dinamoçular" mübariz xarakter nümayiş etdiriblər. Oyun 27:22 hesabı ilə nominal ev sahibinin xeyrinə başa çatıb. "Dinamo" komandası eyni rəqiblə 14-cü tur matçında isə çətin qələbə qazanıb. Rəqibə ciddi müqavimət göstərən "Məhsul" həndbolçuları çox çalışsalar da, 1 top fərqi ilə məğlub olublar - 26:27.
 
10 oyundan sonra 27 xall toplayan "İdman Akademiyası" liderliyi davam etdirir. "Təhsil" 21 xalla 2-ci, "Dinamo" 18 xalla 3-cüdür. "Məhsul" 17 xalla 4-cü yerdədir. RİOEUGİM və U-16-nın hərəyə 3 xalı var. "Bakı" 1 xalla autsayderdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest