İspaniya La Liqasının XXVII turu "Barselona"nın kapitanı Lionel Messi üçün əlamətdar olub. Matc.az saytının məlumatına görə, "Rayo Valyekano" (3:1) ilə qarşılaşma onun "Barsa" forması altında İspaniya çempionatında 443-cü oyunu olub.

Bununla Andres İnyestanı geridə qoyan argentinalı superulduz siyahıda ikinci pilləyə yüksəlib. İndi o, yalnız sabiq kapitan Xavidən geri qalır. O isə Kataloniya klubunun heyətində 505 çempionat matçında iştirak edib. Messi 443 oyunda 409 qol, 166 assistlə yadda qalıb.

La Liqada 332-ci qələbəsini qazanan Leo bu baxımdan da liderə yaxınlaşıb. Hazırda o, yalnız Andonu Zubizarreta (333 qələbə) və İker Kasilyasdan (334) geri qalır. Messi daha üç qələbə ilə bu baxımdan rekordçu olacaq.

Dünənki oyun eyni zamanda Messinin karyerasında 800-cü rəsmi qarşılaşması olub. O, bunun 672-ni "Barselona", 128-ni isə Argentina yığmasında keçirib. 32 yaşlı oyunçu ümumilikdə 650 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest