"Bəzi futbolçularımız oyun praktikasından əziyyət çəkir, formada deyil. Bu hal heç də ürəyimcə deyil. Kifayət qədər problemlərimiz var. Amma hələ iki həftə də izləyəcəyik". Matc.az saytı xəbər verir ki, bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç deyib.

ölkəsində televiziya verilişinin qonağı olan çalışdırıcı AVRO-2020-nin seçmə qrup mərhələsi öncəsi fikirlərini bildirib. 53 yaşlı mütəxəssis ilk olaraq heyətdəki problemlərdən bəhs edib: "Deyan Lovren tam hazırdı və tezliklə klubu "Liverpul"un heyətində meydana çıxmalıdı. O ilk oyunda iştirak edə bilməz, amma sağlamdı. Təəssüf ki, Şime Vrsalko seçmə mərhələnin bütün oyunlarını buraxacaq. O, zədə ucbatından 6 ay futbol oynaya bilməyəcək. O ki qaldı Lovre Kaliniçin durumuna, qapıçıları dəyişmək asan deyil. Kaliniç dünya çempionatında və Millətlər Liqasında uğurlu çıxış edib".

Daliç daha sonra seçmə mərhələnin ilk turunda Azərbaycan millisi ilə keçiriləcək qarşılaşmanı dəyərləndirib: "Azərbaycanla oyunda məhsuldar və hücumameyilli oyunçulara ehtiyacımız olacaq. Bütün variantları nəzərdən keçiririk. Azərbaycanı araşdırırıq və rəqibin zəif cəhətlərini öyrənməyə başlamışıq. Bunun üçün də kifayət qədər vaxtımız var. Əminəm ki, həmin oyunda düzgün yol tapacağıq. Oyuna ciddi yanaşsaq, böyük problem yaşamayacağıq".

"Damalılar"ın baş məşqçisini yığmamızla martın 21-dəki görüşdən çox bundan 3 gün sonra Macarıstanla keçiriləcək səfər matçı narahat edir: "Həm Azərbaycan, həm də Macarıstan üzərində qələbə çox önəmlidi. Hər ikisi mübariz komandadı və müdafiə olunmağı bacarır. Xüsusən də, macarlarla səfər matçının çətin olacağını düşünürəm. Biz hər şeyə hazırlıqlı olmalıyıq. Evdə Azərbaycan üzərində qələbə həm uğurlu başlanğıc, həm də Budapeşt səfərinə yüksək əhval-ruhiyyədə yollanmaq baxımından çox vacibdi".

Daliç qrupun favoriti olsalar da, güclü rəqiblərlə qarşılaşacaqlarını sözlərinə əlavə edib: "Dünya çempionatında ikinci yeri tutduğumuz üçün seçmə mərhələdəki qrup kənardan bizim üçün asan görünür. Ancaq unutmayaq ki, Slovakiya, Uels və Macarıstan son Avropa çempionatının iştirakçılarıdı. Budapeştdəki matçı seçmə mərhələdə ən çətin oyunlarımızdan biri sayıram".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest