Elşad Əhmədov məşqçi kimi hələ püxtələşməlidi. Premyer Liqada bişməsi üçün zamana ehtiyacı var.

Futbolçu kimi mövqeyinin ən yaxşılardından olub, məşqçilikdə sıradan biri deyil. İndiyədək işlədiyi bütün yerlərdə ortaya iş qoyub, nəticə qazanıb. Amma "Sabah" onun üçün daha ciddi təcrübədi, daha böyük məsuliyyət altındadı və o, hələ ki, gözləntiləri tam doğrultmur.

Düzdü, nəticələr debutant komanda üçün pis sayıla bilməz. 19 tura qazanılan 21 xal normaldı. Lakin o da var ki, komanda yavaş-yavaş autsayderlər qrupuna yaxınlaşır və bu, narahatlıq doğurur. çempionatın 3 dövrəsi yekunlaşmaq üzrədi, Əhmədov isə səhvləri sıralayır. çempionatın ikinci yarısında 5 oyuna 4 xal qazanılıb - gözlənti isə başqa idi.

Elşad bəy öncə özü özünə qalib gəlməlidi. Hiss olunur ki, oyuna heyət seçimi baxımından məşqçinin ciddi yanlışlıqları var. 5 oyunda meydana buraxdığı heyətin doğru olmadığını o, hələ ilk hissədə başa düşərək əvəzləməyə əl atıb. Elə bu fakt çox pis göstəricidi. Demək Əhmədov futbolçuların hazırlığını düzgün qiymətləndirmir və ya onları psixoloji cəhətdən matça hazırlamağı bacarmır.

Düzdü, dünənki oyunda Təmkin Xəlilzadə qızdırmalı olduğu üçün fasiləyədək əvəzləndi. Amma belə problem olan birini, ümumiyyətlə, oyuna buraxmamaq lazım idi. Həm nəticə, həm də futbolçunun sağlamlığı riskə atılmışdı. Necə ki, 16-cı turda "Qəbələ" ilə matçda zədəli Elşən Abdullayev meydana buraxılandan 16 dəqiqə sonra geri çağırıldı. Zədəsini təzələyən yarımmüdafiəçi uzun müddətə itirildi və bu, məşqçinin vicdanına yazılmalı faktdı.

Vadim Avdullayev də bu cür itirildi. 2 oyunda onun fasiləyədək əvəzlənməsi futbolçunun məhv edilməsi deməkdi. 7-ci turda "Neftçi"lə səfər matçının (0:2) 37-ci dəqiqəsində Elgün Nəbiyevlə əvəzlənən Vadim, 10-cu turda da Qəbələ səfərində (1:2) eyni aqibəti yaşadı – 32-ci dəqiqədə yerini Tural  Qürbətova verdi. İndi Abdullayevin özünə gəlməsi üçün bəlkə də 1 il lazımdı. çünki fasiləyə kimi əvəzlənən oyunçular psixoloji cəhətdən böyük zərbə alır.

"Neftçi" Əhmədov üçün həmişə çətin rəqibdi, sanki bu komandaya qarşı heyət seçmək Elşad bəy üçün ən çətin problemdi. çünki bakılılarla indiyəqədrki bütün oyunlarda bu məşqçi fasiləyədək əvəzetməni vacib bilib. 13-cü turdakı ev oyununda (1:2) da Elvin Yunuszadə 42-ci dəqiqədə yerini Miloş Bosançiçə vermiş, sonra məşqçiylə dalaşıb qışda "Səbail"ə keşmişdi. Dünən İsə Təmkin Xəlilzadə 40-cı dəqiqədə Vanderson Silvayla əvəzləndi. Əhmədov səhv start heyəti üzündən azı 4 dəfə futbolçuların mövqeyini, ampluasını da dəyişdi və komandanı toparlaya bilməyib, 0:3 hesablı darmadağına üzüldü.

18-ci turun "Qarabağ"la ev matçında (1:1) da eyni olay baş verdi. Bəxtiyar Soltanovu Cavid İmamverdiyevlə əvəzləmək üçün 45-ci dəqiqəni seçmək yox, fasiləni gözləmək lazım idi.

19 oyuna 5 belə fakt. Bir məşqçi üçün heç də yaxşı statistika deyil və bu oyunlarda cəmi 1 xal qazanılması həmin matçların Əhmədovun günahı üzündən əldən getdiyini deməyə əsas verir. Elşad bəy komandadan əvvəl özünü toparlanmalı, futbolçularla dost olmalı, onlara daha peşəkar yanaşmalıdı. Əks halda, həmin futbolçular meydanda onun üçün can qoymayacaq.

Dünən də belə oldu. "Neftçi" parlaq oynamadan böyükhesablı qələbə qazandı. "Sabah" futbolçuları ruhdan düşmüş, küskün təsir bağışlayırdı. Elşad bəy bu barədə ciddi düşünməlidi.

(futbolinfo.az)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest