Kanada yığması Qətərdəki dünya çempionatına məğlubiyyətlə (0:1) başlasa da, Belçikaya qarşı oynadıqları cəsarətli oyunla özündən söz etdirə bildi. Matc.az xəbər verir ki, Con Herdmanın rəhbərlik etdiyi kollektiv bu gün Xorvatiya yığması ilə üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq oyun gərgin mübarizə vəd edir. Buna kanadalı baş məşqçinin işlətdiyi bəzi sözlərin xorvatları bərk qəzəbləndirməsi səbəb olub. Məsələ burasındadır ki, o, bu komandaya qalib gələcəklərinə dair inamını bir qədər təhqiramiz ifadə ilə qeyd edib. Bu isə xorvatların qətiyyən xoşuna gəlməyib.

Xorvatiya mətbuatı da onun bu açıqlamasına xüsusi diqqət ayırıb. “24 Sata” (24 Saat) nəşri üz qabığında Herdmanın çılpaq fotosunu verərək bu sözləri yazıb: “Dilin var, xayaların da varmı?”

Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç isə həmkarına daha diplomatik cavab verib: “Xorvatiya hamı tərəfindən hörmətə layiqdir. Dünya çempionatı zamanı öz oyunumuzla, öz davranışımızla bunu sübut etdik. Biz DÇ-2018-də ikinci olduq, hamıya eyni dərəcədə hörmət edirik, ona görə də rəqiblərimizin də bizə hörmət etmələrini gözləyirik. Herdmanın belə söz seçimi hörmət əlaməti deyil”.

Herdman isə qalmaqallı çıxışını belə ört-basdır etməyə çalışıb: “Mən bu sözləri emosional anlarda, komandanı daha da ruhlandırmaq üçün deyirəm. Məndən oyunçular barəsində nə dediyimi soruşduqda - bəli, o zaman sitat gətirdiyim şeyi dəqiqliklə söylədim. Bu söz xorvat xalqına və Xorvatiya komandasına qarşı çox da hörmətli görünməyə bilər. Mən hörmətsizlik etmək istəmirəm, amma günün sonunda, dünyanın ən yaxşı komandalarından birinə qarşı üç xal qazanmaq istəyirik. Kanadanın düşüncə tərzi belə olacaq”.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest