Sabah Topaz Premyer Liqasında XIX tura start veriləcək. Matc.az saytının məlumatına görə, ilk gündə 2 qarşılaşma baş tutacaq.

Turun açılış oyunu "Bayıl Arena"da olacaq. Mövsümün ikinci yarısının ən güclü və ən zəif komandaları üz-üzə gələcək. Nə qədər qəribə səslənsə də, "Səbail" qış fasiləsindən sonra çempionatın ən yaxşı kollektividi. çünki komanda geridə qalan 4 matçın 3-də qələbə qazanıb və yalnız bir görüşdə "Zirə"yə yenilib. Hərçənd həmin qarşılaşmanı da Aftandil Hacıyevin kollektivi qələbəyə layiq keçirmişdi.

"Səbail" ikinci yarıda ən çox xal (9) toplayan komandadısa, "Sumqayıt"da hər şey tərsinə cərəyan edir. Qış fasiləsinə qədər Ayxan Abbasovla yüksəlişə keçən və hətta ölkə kubokunda yarımfinala adlayan "kimyaçılar" 2019-cu ildə xal üzünə həsrətdi. Keçirdiyi 4 oyunun hamısında meydanı məğlub tərk edən "gənclik şəhəri" təmsilçisinin yeganə təsəllisi vurduğu 1 qoldu.

İlk iki dövrədəki görüşlərdə ev sahibləri quru hesabla qələbə qazanıblar. Sabahkı matçın favoriti isə, şübhəsiz ki, "Səbail"di. Hər halda 3-cü pillədəki mövqeyini möhkəmlətməkdə olan Hacıyevin yetirmələri autsayder önündə büdrəmək istəməz.

"Sumqayıt"da yalnız Şəhriyar Əliyev məşqçilər korpusunun ixtiyarında olmayacaq ki, bunu da qlobal problemə çevirməyə dəyməz. çünki Əliyev zədəli olduğundan, ötən ildən komandadan ayrıdı. Əvəzində "Səbail"də heyətlə bağlı müəyyən problemlər mövcuddu. Kapitanlar Eltun Yaqublu və Rahid Əmirquliyevin durumu Aftandil Hacıyevi yeni lider axtarışına vadar edəcək. Yaqublu zədədən yenicə qayıdıbsa, Əmirquliyev ötən turda sarı vərəqə alaraq, cəzalı duruma düşüb. Rahid kimi, Eltunun da sabah meydana çıxması gözlənilmir.

Aftandil Hacıyevi narahat edən əsas məsələ əcnəbilərin hazırkı vəziyyətidi. Bu, xüsusən də, müdafiə xətti ilə bağlıdı. Belə ki, arxa xətt oyunçuları Tome Kitanovski, Enrike Perilyo, Tamazi Tsetsxaladze, İqor Korotetski və yarımmüdafiəçi Emil Martinovun çıxışı baş məşqçini qane etmir. Bu üzdəndi ki, Hacıyev onlara çox güvənmir, məcburiyyətdən yarımmüdafiəçi Vüqar Bəybalayevi müdafiənin mərkəzində oynadır.

Qeyd edək ki, "Səbail" - "Sumqayıt" oyunu 16:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest