"AFFA rəhbərliyi və İcraiyyə Komitəsi emosinal qərarlar vermir". Matc.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

"CBC Sport" telekanalında "Təkbətək" verilişinin qonağı olan Məmmədov milli komandanın keçmiş baş məşqçisi Qurban Qurbanovla bağlanmış müqavilə və onun nə səbəbdən ləğv edilməsi ilə bağlı danışıb.

Baş katib bu addımı "Qarabağ"ı itirməmək səbəbindən atdıqlarını deyib: "Biz Qurban müəllimlə müqavilə imzalayanda, o, Azərbaycanın ən güclü baş məşqçisi idi, hələ də elədi. Düşünürdük ki, milli komandanın əsasını "Qarabağ"ın bazasında formalaşdıraq. üstəlik, bilinirdi ki, Qurbanova çox çətin olacaq. Amma o, bütün məsuliyyəti boynuna götürdü və bunun üçün Qurban müəllimə təşəkkür edirik. Uzunmüddətli əməkdaşlıq planlaşdırmışdıq. İki illik müqavilə imzalamışdıq və anlaşmanı daha da uzatmaq mümkün idi. Amma elə oldu ki, qısa zamanda çox oyun keçirməli olduq. Adətən seçmə mərhələ boyunca futbolçularımız bir neçə aydan bir oynayırlar, amma Millətlər Liqasında 2 ayda 6 matça çıxmalı oldular. Bununla bərabər "Qarabağ"ın da çempionlar Liqası və Avropa Liqasında qarşılaşmaları var idi. çox  sıx qrafik idi. Soruşa bilərsiniz ki, bunu əvvəldən bilmirdiniz? Bilirdik...

Azərbaycan yığması qrupda ikinci yeri tutandan sonra isə İcraiyyə Komitəsinin üzvləri qərar verdi ki, biz millinin uğuru naminə "Qarabağ"ı itirə bilmərik. Göründüyü kimi AFFA təkcə millini deyil, həm də klubları fikirləşir".

Elxan Məmmədov Qurban Qurbanovla şəxsi münasibətləri barəsində də fikirlərini bölüşüb: "Biz dostuq. "Qarabağ"ın bu yaxınlardakı oyunlarından birində texniki zonaya düşdüm, görüşdük və ona uğurlar arzuladım. Düzdü, həmin gün komanda uğursuz çıxış etdi. Ona görə düşünürəm ki, daha oyundan əvvəl texniki zonaya getməyim. çünki "Qarabağ" azarkeşləri birdən elə düşünərlər ki, mən onlara uğursuzluq gətirirəm (gülür)".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest