ötən həftəsonu "böyük beşlik" ölkələrində növbəti turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Rusiyanın football.kulichki.net saytı baş tutan qarşılaşmalarla bağlı ən yaddaqalan anları bir araya toplayıb.

Həmkarlarımız hər çempionatdan bəzi məqamlarla azarkeşləri tanış edib.

Nəhənglərin cansıxıcı oyunları

"Mançester Yunayted"lə "Liverpul" arasındakı klassik qarşılaşma gözləntiləri qarşılamadı. Yəqin ki, heç kim birinci hissədə 4 əvəzlənmənin olacağını gözləmirdi. "Mankunianlar" ilk hissədə 3 əsas oyunçusunu, "mersisaydlılar" isə Roberto Firminonu itirdi. Sonuncu dəfə analoji hal 10 il əvvəl "Viqan" - "Fulhem" görüşündə yaşanmışdı. Bir sözlə, Premyer Liqada turun mərkəzi oyunu cansıxıcı alındı. Hər iki komanda ilk dəqiqədən sonra qədər qolsuz bərabərliyə razı görünürdü.

"Mançester Siti" isə ardıcıl ikinci dəfə "çelsi" ilə qarşılaşdı. Son oyunda rəqibdən 6 cavabsız qol buraxan "mavilər" bunun revanşını almaq niyyətində idilər. "Ettihad"dakı görüşlə müqayisədə Liqa Kubokunun finalı "çelsi" üçün pis keçmədi. Mauritsio Sarri səhvlərin üzərində işləmişdi və komandası meydanda ümidsiz görünmürdü. Amma bu oyunu da qısaca təhlil etsək, bir sözlə bu cür ifadə olunar: cansıxıcı. Oyunda gərginlik cəmi bir neçə dəqiqə oldu. Ən maraqlı hadisə Kepa Arrizabalaqa ilə Sarri arasındakı qalmaqal oldu. Penaltilər seriyasına qədər uzanan oyun "şəhərlilər"in qələbəsi ilə yekunlaşdı.

Xilaskarın 50-ci het-triki, müəmmalı penalti

"Barselona"nın kapitanı Lionel Messi karyerasını 50-ci het-trikinə möhtəşəm oyunla imza atdı. "Sevilya" ilə oyunda sol və sağ ayaqla "doqquzluğ"a və aşırma zərbə ilə çərçivəyə düşdüyü epizodlar "Barselona"nı məğlubiyyətdən qələbəyə daşıdı. Halbuki kataloniyalılar "Ramon Sançes Pisxuan"da ciddi müqavimətlə üzləşmişdi və xal da itirə bilərdi. Ancaq Messi komandasnı bataqlıqdan təkbaşına çıxardı.

"Real"ın "Levante" ilə oyunu isə qalmaqalla yadda qaldı. "Levante" güclü rəqibinə qarşı layiqli mübarizə aparsa da, xalsız qaldı. çoxları valensiyalıların 1 xala layiq olduğunu düşünür. Santyaqo Solarinin kollektivi iki penalti qolu sayəsində qalib gəldi. İkinci epizod isə böyük fikir ayrılığına yola çıb. Epizoda bir neçə kadrdan baxarkən belə, dəqiq nəsə görmək mümkün olmur. Kasemironun özünü atıb-atmadığını hər kəs özü üçün müəyyənləşdirsin.

Liderlər üçün itkisiz tur

"Bavariya" ilə "Herta" arasında keçirilən oyunda şou olmadı, çox qol vurulmadı, ancaq azarkeşlər son fitə qədər həyəcan içində qaldılar. Berlin klubu güclü komandalar üçün asan yem olmadığını göstərdi. Bundesliqanın ilk dövrəsində "Herta" "Bavariya"nı məğlub etmişdi. Kubok oyununda isə münhenlilər çətinliklə qalib gəlmişdi. Xavi Martinesin bir dəqiq toxunuşu qarşılaşmada həlledici oldu.

Əvəzində "Borussiya" (Dortmund) - "Bayer" matçı kifayət qədər maraqlı alındı. Qonaqlar oyun baxımından pis başlamadılar, ancaq tədricən üstünlüyü əldən verdilər. Leverkuzenlilər bərabərlik qoluna doyunca sevinməmiş ikinci dəfə mərkəzə dəvət edildilər. Fasilədən sonra "Borussiya" daha bir qolla qələbəni təmin etdi. "Bayer"in gücü isə fərqi minimuma endirməyə çatdı.

Florensiyada şou

A seriyasında ən qəribə oyun "Fiorentina" ilə "İnter" arasında keçirildi. İlk dəqiqədə avtoqolu bir də nə vaxt görəcəksiniz? Oyun VAR-a görə bir neçə dəfə dayandırıldı. Nəticədə ikinci hissəyə 7 dəqiqə əlavə olundu. "Neradzurra" 3:1 hesabı ilə öndə olsa da, bu üstünlüyü son saniyələrdə əldən verdi. Hakim florensiyalıların təsiri altına düşərək mübahisəli penalti təyin etdi ki, bu, "İnter"dən 2 xal aldı. Bu bərabərlik isə "Milan" və "Roma" üçün göydəndüşmə oldu.

"Monako" - seriyaya davam

Əvvəlki "Monako" bərpa olunur. "Lion"la ev matçının ilk hissəsində 2 top fərqi ilə önə keçən Knyazlıq klubu ikinci hissədə də yaxşı oyunla rəqibə imkan vermədi. "Monako" oyunu yüksək səviyyədə keçirsə də, "Lion"un dönüş etmək üçün şansları oldu. İkinci hissədə Memfis Depay penaltini qola çevirsəydi... Oyundan sonra "Lion"un prezidenti Jan-Mişel Olas futbolçularını tənqid etdi. Ardıcıl qələbələr sayəsində aşağı pillələrdən qurtulan "Monako" təhlükəsiz zonaya doğru irəliləyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest