"Səbail"in qış fasilsində heyətinə qatdığı "Rəvan" komandasının sabiq futbolçusu Oke Akpoteva Topaz Premyer Liqasının XVIII turunda "Neftçi" ilə keçirilən oyunu (2:1) dəyərləndirib. Matc.az saytının məlumatına görə, nigeriyalı forvard Azərbaycan futbolunun inkişafda olduğunu bildirib.

- Müəyyən fasilədən sonra yenidən Azərbaycana qayıtdınız. ölkə futbolu barədə təəssüratlarınız necədi?

- 5 il öncə Avropada futbol oynamaq üçün buradan ayrıldım və indi yenidən geri qayıtmışam. Həmin ilə baxanda indi fərqli hisslər keçirirəm. O zaman daha gənc idim. Azərbaycana geri qayıtdığım üçün çox şadam.

- Azərbaycan futbolunda nələr dəyişib?

- Burda hələlik 2 matçda iştirak etmişəm və televiziya vasitəsilə bir neçə oyuna baxmışam. Ona görə də hazırda bu barədə heç nə deyə bilmərəm. Futbol hər il inkişaf edir. İngiltərə və İspaniya çempionatları daha böyük liqalardı. Azərbaycan çempionatının da inkişaf etdiyini düşünürəm.

- Azərbaycan Premyer Liqasında hazırda 8 komanda mübarizə aparır...

- Mən burda oynayanda 10 komanda var idi. Düşünürəm ki, futbolun səviyyəsi indi artıb. çempionat ildən-ilə inkişaf edir. Bəlkə də gələn mövsüm 12 komanda olacaq. Klublar hazırda daha yaxşı səviyyədədi. Burda oynanılan futbol ildən-ilə inkişafdadı.

- Premyer Liqanın XVIII turunda səfərdə "Neftçi"ni 2:1 hesabı ilə məğlub etdiniz. Bu matç barədə nə deyə bilərsiniz?

- çempionatın liderinə qarşı oynadıq. çətin oyun oldu. Matça yaxşı hazırlaşmışdıq və baş məşqçinin planlarını yerinə yetirdik. Elə ilk hissədəcə 2 qol vura bildik. Qələbə qazandığımız üçün şadıq. Bu görüşdə vacib 3 xal qazandıq. Komandamız yaxşı futbolçulardan ibarətdi və yaxşı oyun sərgiləyirik.

- Qarşılaşmadan öncə "Neftçi"ni məğlub etmək haqqında düşünürdünüz?

- Əlbəttə, bu, futboldu. Düzdü, turnir cədvəlinə baxanda onların ilk pillədə olduğunu görmək olar, amma dediyim kimi, matça ciddi hazırlaşmışdıq. Səfər oyununa elə-belə gəlmədiyimizi göstərdik. Meydana çıxıb planımızı yerinə yetirdik və 3 xal qazandıq.

- "Səbail"ə gələndən sonra 2 matçda iştirak etmisiniz. Komandaya uyğunlaşmaq üçün sizə nə qədər vaxt lazımdı?

- Bu kollektiv, oyunçular - hamısı mənim üçün yenidi. Komanda yoldaşlarıma uyğunlaşmağa cəhd edirəm. Ən qısa müddətdə öz keyfiyyətlərimi də göstərməyə çalışacağam.

- Formasını geyindiyiniz sabiq komandanız "Rəvan" artıq Premyer Liqada çıxış etmir, bu barədə nə deyə bilərsiniz?

- Komandanın ömrü uzun sürmədi. Köhnə komanda yoldaşlarımın çoxunu görə bilməmişəm. Sonuncu dəfə qapıçı Davud Kərimi ilə görüşmüşəm. Digər komanda yoldaşlarımın heç birini isə görməmişəm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest