Futbol üzrə Ukrayna millisinin və Kiyev "Dinamo"sunun sabiq hücumçusu Roman Zozulya karyerasını dondurub. Matc.az xəbər verir ki, bu barədə 32 yaşlı futbolçu yerli radiolardan birinə açıqlama verib.
 
Təcrübəli forvard bu qərarı ölkədəki müharibə səbəbindən qəbul etdiyini bildirib: "Mənimlə müqavilə imzalamaq istəyən komandalar var idi. Amma dedim ki, indi bacarmıram, futbola əhəmiyyət vermirəm. ölkədə müharibə getdiyi vaxtda oynaya bilmirəm. Başa düşürəm ki, yeni klub mənə pul qazanmağa və Ukraynaya kömək etməyə imkan verəcək. Amma hazırda futbola həvəsim yoxdur".
 
Xatırladaq ki, Roman Zozulyanın son klubu İspaniyanın "Fuenlabrada" komandası olub. O, daha öncə İspaniyada "Albasete", "Rayo Valyekano" və "Betis"in də formasını geyinib. "Dinamo"nun yetirməsi öz ölkəsində "Dnepr"in də uğurları üçün çalışıb, Ukrayna yığmasında 33 oyuna 4 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest