"Komandamın bugünkü oyunundan razı qaldım. Hər halda, nəticə oyuna görə oldu". Matc.az saytının məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov deyib.

Azərbaycan Premyer Liqasının XVIII turunda "Qəbələ"nin qonağı olan paytaxt klubu səfərdən qolsuz bərabərliklə dönüb.

Oyunsonrası mətbuat konfransında Əhmədov fikrini bu sözlərlə davam etdirib: "Bizim də qol epizodlarımız oldu, rəqibin də. Əvvəlki görüşlərlə müqayisədə daha az səhv etdik, mübarizələrdə uduzmamağa çalışdıq. Rəqibi ilk dəqiqələrdən təzyiq altında saxlamağa çalışdıq. Buna da tədricən nail ola bildik. Düşünürəm ki, komandanı matça yaxşı hazırlaya və kökləyə bilmişdik. Futbolçularıma təşəkkür etdim. Ancaq hələ də yaranan qol epizodlarından istifadə etməməyimiz problem olara qalır. Ən böyük problemimiz budu. Qarşıdan ağır oyunlar gəlir. Mövsümün sonuna yaxınlaşdıqca vaxt da azalır. Oyundan-oyuna inkişaf edib, nəyəsə nail olmağa çalışacağıq. Bunun üçün hələ şansımız var. Bugünkü və ötən turdakı oyun ümidvericidi".

- Birinci hissədə rəqibi irəlidə qarşıladınız. Eyni zamanda əsas ümidiniz sanki standart vəziyyətlər idi. Nədənsə, ikinci hissədə bunu meydanda görə bilmədik. Fasilədə fərqli tapşırıq vermişdiniz?

- Tapşırıq o idi ki, meydanın rəqibə aid olan hissəsində pressinq edək. Pressinq alınmayanda isə ikinci zonaya düşmək lazımdı. Burda da rəqibi qarşılamaq. Mən həmişə hücum futbolunu xoşlamışam. Hətta qol buraxsam belə, istəmişəm ki, komandam hücum futbolu göstərsin. çünki futbolun gözəlliyi hücum etmək, qol vurmaqdı. Nə qədər qol vəziyyəti yaratsan, bir o qədər həyəcan çox olur. Demək olmaz ki, bütün ümidimizi sırf standart vəziyyətlər bağlamışdıq. Başqa silahımız var. Amil Yunanovun özünəməxsus oyun tərzi var. Onun üzərində daha çox çalışmışdıq. Qəbələ hündürlükdədi və dağlıq ərazidi. Burda adaptasiya 3 gün olmalıdı. Burda hava sıxlığında oynamaq həmişə çətindi. çünki futbolçularda bir az oksigen çatışmazlığı hiss olunur. İkinci hissənin gedişində hiss elədim ki, komanda artıq "oturur". Belə bir tapşırıq olmamışdı. Necə başlamışdıqsa, o cür də bitirməli idik. Baş məşqçinin əli hərdən meydanın içinə çatmır. Elə hadisələr baş verir ki, məşqçidən asılı olmayaraq, meydanda futbolçular qərar verirlər. 1 xal da qazancdı, komanda mübarizə apardı. Əvvəlki matçlarla müqayisədə bugünkü mübarizə daha xoş oldu. Komandanın istəkli olması, "Qəbələ" kimi rəqibə qarşı meydanın ona aid hissində pressinq etməsi məni sevindirdi.

- Epizodların birində çox aqressiv davrandınız. Həmin anda etirazınız nəyə idi?

- Mən orda qayda pozuntusunun olmadığını deyirdim. Sarı vərəqə alacaq aqressivlik yox idi. Mən buna əsəbləşmişdim. Sarı vərəqə limitləri həddən artıqdı. "Neftçi" ilə görüşün 15-ci dəqiqəsində artıq 3 sarı vərəqəmiz var idi. Sarı vərəqə çox olanda da futbolçularda qorxu yaranır. Həmin qorxu oyunun gedişində mübarizələrə təsir edir. Az fit, çox mübarizənin tərəfdarıyam. Mənim xoşladığım futbol budu.

- Qış fasiləsindən sonra nədən razı, nədən narazısınız?

- Komandamız oyundan-oyuna inkişaf edir. Həyatda birdən-birə nəyəsə nail olmaq mümkün deyil. Hiss edirəm ki, komandam getdikcə istədiyim futbolu oynayacaq. Bundan əvvəlki və indiki matç bunu göstərdi. Qol epizodları çox yaradırıq. Digər tərəfdən səhvlərdən top buraxırıq. Bəlkə də, vaxt darlığına görə bu problemi yaşayırıq. Qış fasiləsindən sonra mübarizənin daha çox olması xoşuma gəlir. Futbolçularda özünəinam yaranıb, bir-birlərinə daha çox inanırlar. Qalib gələ, qol epizodlarından faydalana bilmiriksə, bu, mənim səhvimdi. çalışacağıq ki, narazı qaldığımız bu problemi aradan qaldıraq.

- Bu mövsümlə bağlı hədəfiniz nədi?

- Hədəf oyundan-oyuna müəyyənləşir. Hər birimiz yüksək yerlər uğrunda mübarizə aparmaq istəyirik. "Keşlə" ötən mövsüm Azərbaycan kubokunu qazanıb. Amma həmin heyətin ən yaxşıları və liderləri komandadan gedib. Qışa qədər 6 futbolçu ilə yollarımızı ayırdıq. Gedənlərin yerini isə gələnlərin çoxu doldurmamışdı. Biz də ötənilki kollektiv kimi bir heyət formalaşdırmağa çalışırıq. Amma mənim bu qədər zamanım yoxdu. Hədəf mümkün qədər irəliləməkdi. 3-cü, 4-cü yerə - hara şans varsa, onu da dəyərləndirmək istəyirik.

- Qış fasiləsində, həqiqətən də, istədiyiniz səviyyədə oyunçular tapa bilmədiniz?

- Reallıq budu ki, bizim "Neftçi" və "Qarabağ"ınkı qədər büdcəmiz yoxdu. Mən də komandamda 300-400 minlik futbolçunun olmasını istərdim. ümumiyyətlə, qış fasiləsində yaxşı oyunçu tapmaq çətindi. Bəzi oyunçular var idi, amma şərtlərimiz onları qane etmədi. Eləsi var idi ki, onu çox istədik, amma Qazaxıstandan daha sərfəli təklif aldı, oranı seçdi. Zaman da yerində dayanmır. Bir futbolçunu elə olur ki, 1 həftə gözləyirik. Amma başqa təklif alır, ora gedir. Başqasını axtarana qədər də vaxt gedir. Bu baxımdan problemlər yaşadıq. Heyətə cəlb etdiklərimiz yavaş-yavaş özünə gəldikcə komanda normal səviyyədə olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest