Bu gün əfsanəvi azərbaycanlı futbolçu Anatoli Banişevskinin doğum günüdü. Matc.az saytının məlumatına görə, məşhur 9 nömrə sağ olsaydı, 73 yaşını qeyd edəcəkdi.

Anatoli Andreyeviç Banişevski 1946-cı il fevralın 23-də Bakıda anadan olub. Ukrayna əsilli "Banya" futbolun sirlərini Bakı "Lokomotiv"ində öyrənib. Oyunlarının birini izləyən "Neftçi"nin (o vaxtkı "Neftyanik") baş məşqçisi Boris Arkadyev və Ələkbər Məmmədov onu bəyənib və 16 yaşında ölkənin bir nömrəli komandasına cəlb ediblər.

Banişevski 1963-cü ildə komandanın əsas heyətində debüt edib. O, peşəkar karyerası ərzində 1978-ci ilədək yalnız "Neftçi"nin formasını geyinib. Azərbaycan klubunun 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanmasında mərhum hücumçunun böyük rolu olub.

Banişevski 19 yaşında Nikolay Morozov tərəfindən SSRİ yığmasına dəvət edilib. 1965-ci ildə Moskvada keçirilən SSRİ – Braziliya matçında gənc forvard sona 15 dəqiqə qalmış Valentin İvanovu əvəzləyərək debüt edib. "Marakana" stadionunda Braziliyanın qapısına qol vurmuş ilk sovet futbolçusudu. O, 1966-cı ildə İngiltərədə keçirilən Dünya Kubokuna yollanıb. 1968 və 1972-ci illərdə təşkil olunmuş Avropa çempionatlarında da iştirak edib, sonuncu yarışda gümüş mükafata layiq görülüb. SSRİ yığmasının heyətində 50 oyun keçirən hücumçu 19 qola imza atıb.

Karyerasını başa vurduqdan sonra bir müddət işsiz qalan Banişevski 1981-ci ildə məşqçiliyə başlayıb və ilk klubu "Neftçi" olub. Bakılılara iki mövsüm rəhbərlik edən "Banya" 1987-1988-ci illərdə Burkina-Fasoda çalışıb. Həmçinin Mingəçevirin "Avtomobilçi" və "Kəpəz" klublarında işləyib.

1988-ci ildə Afrika ölkəsində xəstəliyə tutulub. Uzun illər bu xəstəlikdən əziyyət çəkən Banişevski 1997-ci il dekabrın 10-da Bakıda vəfat edib. ölümündən bir il əvvəl "Şöhrət" ordeninə layiq görülüb. Mərhum 9 nömrənin Milena və Marina adlı iki qızı var.

Anatoli Banişevski UEFA-nın versiyasına görə 2004-cü ildə Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilib. 2007-ci ildə isə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Banişevskinin yaşadığı ünvanın qarşısına xatirə lövhəsi vurulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest