Almaniyanın Düsseldorf şəhərində keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir. Matc.az saytının məlumatına görə, bu gün Azərbaycanın daha üç idmançısı mübarizəyə qoşulub.

Yarışın ikinci günündə kişilərin yarışında Rüstəm Orucov, Fəqan Quluzadə və Murad Fətiyev mübarizə aparıb. Rüstəm turniri bürünc medalla başa vursa da, digər iki həmyerlimiz Bakıya əliboş qayıdır.

 

Kişilər

73 kq

1/16 finalda Fethi Nurenə (Əlcəzair) qalib gələn Rüstəm Orucov 1/8 finalda italiyalı Covanni Espositonu da məğlub edib. O, növbəti mərhələdə yaponiyalı Şohey Onoya uduzub. Rəqib finala yüksəldiyindən Rüstəm təsəlliverici görüşlərə qatılıb. Həmyerlimizin bürünc medal qazanmaq uğrunda ilk rəqibi polşalı Viktor Mrovçzyanki olub. Rəqibinə ipponla qalib gələn Rüstəm nürünc medal uğrunda görüşdə rusiyalı Musa Moguşkova qalib gələrək, fəxri kürsüyə qalxıb.    

81 kq

1/32 finaldan mübarizəyə qoşulan Fəqan Quluzadə ilk rəqibi olan gürcüstanlı Boka Donqvanidən üstün olub. İdmançımız 1/16 finalda italiyalı Kristian Parlatini üstələsə də, növbəti mərhələdə portuqaliyalı Anri Egutidzeyə uduzub. Portuqaliyalı yarımfinalda uduzduğundan Fəqan təsəlliverici görüşlərə qatılmaq şansını itirib.

Bu çəkidəki digər təmsilçimiz Murad Fətiyev də 1/32 finalı uğurla başa vurub O, Nikon Zaborosçukə (Moldova) qalib gəlib. Cüdoçumuz növbəti mərhələdə Rumıniya təmsilçisi Vlad Visanı da məğlub etsə də, 1/8 finalda belçikalı Mattias Kasseyə uduzub.

 

Qeyd edək ki, Azərbaycan "Böyük Dəbilqə" turnirinə 10 kişi və 5 qadın idmançı ilə yollanıb. Yarışın ilk günündə tatamiyə çıxan 7 cüdoçu medal qazana bilməyib. Fevralın 24-də isə kişilərdən 90 kq-da Məmmədəli Mehdiyev 1/32 finalda israilli Li Koçmanla, 100 kq-da Zelim Kotsoyev avstriyalı Aaron Fara ilə, Elmar Qasımov 1/16 finalda Tomas Briseno (çili) - L.A.Smit III (ABŞ) cütünün, 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri 1/16 finalda Fransisko Solis (çili) - Ceyqu Yun (Cənubi Koreya) cütünün qalibi ilə qarşılaşacaq.

Qadınların yarışında isə 78 kq-dan yuxarı çəkidə İrina Kindzerska 1/8 finalda Sandra Yablonskite (Litva) - Kseniya çibişova (Rusiya) cütünün qalibi ilə görüşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest