AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə ilk oyun öncəsi Xorvatiyada ciddi itkilər var. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Zaqrebdəki qarşılaşmaya bir ay vaxt qalmış müdafiə xətti ilə bağlı problemlər baş məşqçi Zlatko Daliçi narahat edir.

"Damalılar"ın müdafiəçiləri Şime Vrsalko, Matey Mitroviç, Yosip Pivariç və İvan Ştriniç zədəli, Deyan Lovren isə cəzalıdı. Lovrenlə yanaşı, Vrsalko və Pivariçin millimizlə oyunu buraxacağı dəqiqdi.

Xorvatiya yığmasının həkimi Boris Nemeç digər zədəlilər Mitroviçlə Ştriniçin durumunun qeyri-müəyyən olduğunu söyləyib. Həmçinin qapıçı Lovre Kaliniç də zədədən əziyyət çəkir. Ancaq həkim onun oyuna qədər sağalacağını düşünür. O, qolkiperin durumunun ciddi olmadığın vurğulayıb.

Daliçi ən çox düşündürən Vrsalkonun yoxluğudu. Baş məşqçi "İnter"in müdafiəçisi kimi, cinahdan hücumlara dəstək verəcək oyunçu axtarışındadı. Maraqlıdı ki, Daliçin namizədləri arasında "Volfsburq"un vingeri Yosib Brekalo da var. O, martın 21-dəki görüşdə Brekalonu müdafiənin sağ cinahında oynatmağı planlaşdırır.

Xorvatiya KİV-i indiki məqamda baş məşqçinin beynindəki "11-liy"in bu oyunçular olduğunu iddia edib: Lovre Kaliniç - Domaqoy Vida, Tin Yedvay, Borna Barişiç, Yosip Brekalo - İvan Rakitiç, Luka Modriç, Marselo Brozoviç - İvan Perişiç, Andrey Kramariç, Ante Rebiç.

Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu Zaqrebin "Maksimir" stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest