"Sumqayıt"ın futbolçusu Əmir Ağayevin İsrail mətbuatına verdiyi müsahibə geniş əks-səda doğurdu. Milliləşdirilmək üzrə olan oyunçunun dedikləri hələ də müzakirə mövzusudu.

 Bu arada daha bir israilli – Əli Babayev də maraqlı açıqlamaları ilə diqqət çəkib. "Sumqayıt"ın digər oyunçusu Azərbaycan polislərini ələ salıb: "Bir neçə həftə öncə avtomobillə yolun sol zolağı ilə hərəkət edirdim. 100 metrdən sonra yol polisi məni saxladı və onlardan biri azərbaycanca danışmağa başladı. Bir müddətdir Bakıda yaşadığımdan artıq dili başa düşürəm. Ancaq polislərdən yaxa qurtarmaq üçün onları aldatdım. özümü elə göstərdim ki, sanki heç nə anlamıram. Polisə öz dilimdə "Sizi başa düşmürəm, mən yalnız ivrit dilində danışa bilirəm. Siz bu dili bilirsiniz?" dedim. O, mənə gözləməyimi söylədi və öz maşınına doğru getdi. Bir neçə dəqiqədən sonra isə qəflətən siqnal verib, yola davam etməyimi bildirdi. Amma belə bir şey İsraildə olsaydı, hətta hind dilində də danışsaydım, polislər mənə cərimə yazmaq üçün "Google Translate" tərcümə proqramından istifadə edərdilər".

 Əlinin bu açıqlamasını polislərin də oxuyacağına ümid edirik. Onlar şəkildə gördükləri oğlanı növbəti görüşdə öz dillərində başa salarlar.

 Babayevin digər açıqlaması da maraqlıdı. "Bakıda insanlardan çox taksi var" deyən legionerin bənzətməsi yerinə düşmür. Təbii ki, Bakıda hətta ümumi maşın sayı insanlardan çox ola bilməz, o ki qaldı taksilər. Düzdü, o, say çoxluğunu ifadə etmək üçün şişirtməyə yol verib. Ancaq polislər haqda belə danışan birinin çoxumuzu heç insan saymamasından şübhələnməyə əsasımız var. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest