Topaz Premyer Liqasının XVII turu bəzi maraqlı məqamlarla yaddaqalan oldu. Matc.az saytının məlumatına görə, liderin büdrədiyi turda hakim zədələnməsi, baş məşqçinin istefadan son anda dönməsi kimi hadisələr yaşandı.

Turun açılış matçında kifayət qədər maraqlı olaylar baş verdi. Baş hakim Rauf Cabarovun birinci hissədə zədələnərək fasilədən sonra meydana çıxmaması xoşagəlməz olayların başlanğıcı idi. Onu əvəz edən 4-cü hakim Rauf Allahverdiyevin debüt oyununda ardıcıl xırda səhvləri sonda "partlayışla" nəticələndi. Belə ki, məhz onun yanlış penalti qərarı "Sumqayıt"ı məğlubiyyətə sürüklədi. Həm buna, həm də oyunçularına qəzəblənən qonaqların baş məşqçisi Ayxan Abbasovun qarşılaşmadan sonra mətbuat konfransına gəlişi isə daha böyük ajiotaja səbəb oldu. Tələm-tələsik istefa üçün konfrans otağına daxil olan Abbasovu klub rəsmiləri birtəhər sakitləşdirərək, onu fikrindən daşındırmağı bacardılar.

Lider "Neftçi"nin arzuolunmaz rəqibi "Zirə" önündə büdrəməsi sürpriz deyildi. çünki statistika göstərir ki, "ağ-qaralar" "Zirə"yə hətta ən zəif vaxtında belə qalib gəlməkdə çətinlik çəkir. Təsadüfi deyil ki, bu qarşılaşmaya qədərki 14 oyunun 8-də "Zirə", 2-də isə "Neftçi" qələbə qazanmışdı. Liderin 90 dəqiqə ərzində bütün cəhdlərinin nəticəsiz qalması Roberto Bordinin komandasına çempionluq yolunda böyük zərbə vurdu.

ötən bazar günü "Səbail"lə "Sabah"ın dueli bürünc mükafata iddia baxımından prinsipial idi. Birincilər oyunda hər iki yeni hücumçu transferinə debüt imkanı versə də, qələbə qolunun müəllifi yerli Ağabala Ramazanov oldu. Son vaxtlar uğursuz nəticələr göstərməkdə davam edən "Sabah" bu yenilgi ilə 5-ci pillədəki yerini "möhkəmlətdi". "Səbail" isə əsas rəqiblərindən biri ilə xal fərqini 7-yə yüksəltdi.

Nəhayət, turun son oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda oldu. "Neftçi"nin büdrəməsi "Qarabağ"ı, "Səbail"in qalibiyyəti isə "Qəbələ"ni qələbə qazanmağa vadar edirdi. "Qırmızı-qaralar" son çempiona müqavimət göstərsə də, meydanı xalsız tərk etdi. Rəhim Həsənovun 2 penalti təyin etdiyi görüşdən 3 xalla ayrılan "Qarabağ" lider "Neftçi" ilə aradakı xal fərqini 1-ə endirdi.

Hazırda Premyer Liqa 3 cəbhəyə bölünüb. "Neftçi" ilə "Qarabağ"ın sona qədər çempionluq uğrunda mübarizə aparacağını proqnozlaşdırmaq olar. "Səbail", "Qəbələ" və "Sabah" bürünc medala iddia edir. Lakin bu gedişlə sonuncuların ümidləri solacaq və debütant autsayderlərə "yaxınlaşacaq". "Zirə", "Sumqayıt" və "Keşlə" arasında isə sonuncu olmamaq üçün gərgin mübarizə gedir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest