Hələliksə, Elşad Əhmədovun komandadan nə vaxt ayrılacağını səbirsizliklə gözləyək. Son 10 oyunda 8 məğlubiyyət, 1 heç-heçə və cəmi 1 qələbə. Başqası olsaydı, çoxdan göndərmişdilər.

"Sabah"ın baş məşqçisi Elşad Əhmədov növbəti məğlubiyyətdən sonra deyib ki, hücumçu problemimiz var. Əslində, yeni açıqlama və yeni problem deyil. Mövsüm başlayandan bu və buna bənzər sözlərini eşitməkdəyik.

Marko Deviç meydanda olub qol vurandan sonra Əhmədov bildirir ki, "Sabah" bir futbolçudan asılı deyil. Elə ki, Deviç zədə, cəza və ya Ukraynaya məşqçi kursuna getməsi üzündən oynamır, baş məşqçi valı çevirir və "hücumçumuz yoxdu" deyə haray çəkir. Bu yerdə Azərbaycanda ilk dəfə mərhələ keçmiş baş məşqçi Böyükağa Ağayevin rus ləhcəsi ilə dediyi "xucumçumuz yoxdu" sözləri yada düşür.

Hücumçu bir "Zirə"də, bir də ingilisdə. çempionatın autsayderi qış fasiləsində heyətinə cəlb etdiyi forvardların sayını özü də itirib. Hətta deyəsən, biri ötən tur "Səbail"lə səfər oyununda qol da vurub.

Nə sirr idisə, "Sabah" 21 günlük Antalya toplanışı müddətində bir hücumçu ala bilmədi. 170 minə cinah yarımmüdafiəçisi də, "Neftçi" və "Qarabağ"a lazım olmayan orta sahə oyunçuları da aldılar. Amma bircə hücumçu tapa bilmədilər ki, bilmədilər.

Hətta əvvəllər "Zirə"də çıxış etmiş Riçard Qadze də transfer gündəmlərində idi. Maraqlandılar, maraqlandılar, axırda maraqsız gəldi.

Beləliklə, sual yaranır: "Sabah" yeni hücumçunu nə vaxt alacaq? Cavab variantları isə bunlardı:

- Azərbaycan kosmosa üçüncü peykini buraxanda;

- Marko Deviç baba olanda;

- Elşad Əhmədov tam 3 dövrə vurub yenidən qayıdanda;

- "Sabah" avrokubokların qrup mərhələsindən çıxanda;

- Premyer Liqada komanda sayı 16-ya çatanda.

Hələliksə, Elşad Əhmədovun komandadan nə vaxt ayrılacağını səbirsizliklə gözləyək. Son 10 oyunda 8 məğlubiyyət, 1 heç-heçə və cəmi 1 qələbə. Başqası olsaydı, çoxdan göndərmişdilər.

Demə, bu komandada Deviçdən başqa, türklər demiş, "dev" də var imiş. Bəs "dev"ə niyə toxunmurlar? Bəlkə canı şüşədə olduğu üçün?  (sportnet.az)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest