Premyer Liqanın lideri "Neftçi" XVII tur çərçivəsində sabah "Zirə"nin qonağı olacaq. Matc.az saytının məlumatına görə, komandaların turnir cədvəlindəki mövqeləri aşkar favoritin kim olduğunu ortaya qoyur.

İlk baxışdan 17:30-da başlayacaq görüşdə "Neftçi"nin asan qələbə qazanacağını düşünənlər kifayət qədərdi. Uğurlu çıxışını qış fasiləsindən sonra da davam etdirən "ağ-qaralar" çempionluq yolunda autsayderlər zonasında qərarlaşan qəsəbə təmsilçisi önündə büdrəmək istəməz. üstəlik, yeni transferlərlə Roberto Bordinin kollektivinin daha da gücləndiyini söyləmək olar.

"Zirə"də isə vəziyyət heç də ürəkaçan deyil. Doğrudu, komanda ötən turda "Səbail"ə qalib gələrək sonuncu pillədən qurtulmuşdu. Ancaq Samir Abasovun yetirmələrinin ortaya qoyduğu oyun gələcəyə nikbin baxmağa ümid vermir. Uzun müddət azlıqda oynayan "Sabah"la bacarmayan, "Səbail"ə isə bəxt sayəsində qalib gələn "Zirə"nin yaxşı formada olan "Neftçi"nin yoluna daş qoyması inandırıcı görünmür.

Bu azmış kimi, Abasov iki futbolçunun xidmətindən məhrum qalıb. Hələ "Sabah"la qarşılaşmada qırmızı vərəqə alan yarımmüdafiəçi Vüqar Mustafayev budəfədəki görüşü də buraxacaq. Həmçinin komandanın aparıcı oyunçusu Aleksandr Dedov da liderlə matçı kənardan izləməli olacaq. Buna səbəb onun sarı vərəqə limitini doldurmasıdı. Əvəzində müdafiəçilər İlkin Qırtımov və Bəxtiyar Həsənalızadənin cəza müddəti bitib və onlar sıraya dönüb.

"Neftçi"də isə gənc müdafiəçilərlə bağlı fərqli durum yaranıb. Sağ cinah oyunçusu ömər Buludov ötən turda 4-cü sarı vərəqəni aldığı üçün cəzasını "Zirə" səfərində çəkəcək. Ancaq cəzası bitən gənclər millimizin digər üzvü Andon Krivotsyuk sabah məşqçilər korpusunun ixtiyarında olacaq.

"Neftçi"nin ən böyük problemi ondadı ki, "Zirə" ilə oyunları heç cür alınmır. İndiyə qədər 14 dəfə bu rəqiblə qarşılaşan "flaqman" yalnız 2-də qələbəyə sevinibsə, 8 matçda meydanı məğlub tərk edib. İkinci dövrədə "Neftçi"nin meydanında qeydə alınan qollu bərabərlik "Zirə"nin nə dərəcədə arzuolunmaz komanda olduğunu göstərir. Statistika ev sahiblərini ümidləndirsə də, reallıq "Neftçi"nin qələbəsindən xəbər verir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest