Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi "Strandja" turnirinə start verilib. Matc.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, 43 ölkədən 360 idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxıb.

81 kq çəki dərəcəsində qüvvəsini sınayan Rauf Rəhimov ilk görüşündə Harş Lakra (Hindistan) ilə üz-üzə gəlib. Görüş Azərbaycan çempionunun asan qələbəsi ilə yekunlaşıb – 5:0 (30:26, 30:25, 30:25, 30:26, 30:26). Həmyerlimiz 1/8 finalda Jon Nobel Marvini (Filippin) sınağa çəkəcək. Görüş fevralın 16-da olacaq.

Rəhimovdan fərqli, Elnur Süleymanovun (69 kq) debütü uğurlu alınmayıb. Təmsilçimiz Delante Consonla (ABŞ) qarşılaşmada 0:5 (27:30, 28:29, 27:30, 28:29, 28:29) hesabı ilə məğlub olub.

Qadınlardan ibarət komandamızın üzvü Məryəm Cəbrayılova da turnirlə vidalaşıb. 69 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Oşai Coneslə (ABŞ) dueldə qələbə qazana bilməyib. O, 0:5 (26:30, 27:30, 27:30, 27:30, 27:30) hesabı ilə uduzub.

Qeyd edək ki, bu gün yığma üzvlərindən Anaxanım Ağayeva (51 kq), Sərxan Əliyev (60 kq), Elvin İsayev (64 kq) və Kamran Şahsuvarlı (75 kq) ilk döyüşlərini keçirəcəklər. Boksçularımız müvafiq olaraq, Veronika Nosvik (Norveç), Ankuş Dhaiya (Hindistan), Keyşaun Davis (ABŞ) və Rişard Leviski (Polşa) ilə güclərini yoxlayacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest